2022-ci ilin ilk 4 ayı Azərbaycan futbolu üçün üç hadisə ilə əlamətdar oldu.
Apasport.az saytının məlumatına görə, bunlardan biri “Qarabağ”ın ölkə futbolu tarixində ilk dəfə avrokubokların pley-offunda oynaması, biri icraçı vitse-prezident Elxan Məmmədovun FIFA-da vəzifəyə təyinat alması, digəri isə Şamaxıda yeni stadionda ilk rəsmi matçın keçirilməsi və eyniadlı komandanın bura köçməsidir.

Məmmədovun bu təyinatını idarəetmə, prestij, bu sahədə daha hörmətli ölkə olmaq baxımından ciddi hadisə saymaq olar. “Qarabağ”ın uğuru bu günü əhatə edirsə, Şamaxıda futbola nəfəs vermək orta və uzun gələcəyə hesablanan layihədir. Yanlış addımlarını daim tənqid etdiyimiz AFFA-nın Tovuz və Gəncədən sonra Şamaxıda da baza inşa etməsi gələcəyin təməlinə növbəti töhfədir. Necə deyərlər, igidi öldür, haqqını yemə. Ölkə başçısı İlham Əliyevin ötən ilin noyabrında stadionun açılışında vurduğu zərbə, bəlkə də, Azərbaycan futbolunu uzunmüddətli yuxudan ayıldan top idi.

Şamaxıda futbol məktəbi açmaq təkcə şamaxılıların yox, yaxın rayonlarda yaşayan uşaqların da futbol sevgisini artıracaq, onların hər birinə potensial futbolçu və gələcəyin milli üzvü olmaq şansı yaradacaq. Bu günün “Şamaxı”sının 0:8 hesablı məğlubiyyəti Azərbaycan futbolu üçün nə itkidir, nə də qazanc. Ancaq gələcəyin “Şamaxı”sına yatırım etmək həm də Azərbaycan futbolunun sabahına işıq saçmaqdır.

Jurnalistlərin Şamaxı turu çərçivəsində stadionla bağlı müşahidələrim xoş təəssürat yaratdı. Arenada yaradılan şərait istənilən bölgə komandası üçün kifayət qədər əlverişlidir. Doğrudur, ot örtüyü sünidir. Ancaq avrokubokların ilkin təsnifat mərhələlərini qəbul edəcək səviyyədədirsə və FIFA-nın ikinci kateqoriyasını alıbsa, deməli, Azərbaycan Premyer Liqası üçün kifayət qədər yaxşıdır. Arenadakı paltardəyişmə otaqları, fitnes zalı futbolçuya gəl-gəl deyir. Stadion həkim müayinəsi üçün nəzərdə tutulan otaqla da təmin olunub. Üstəlik, iki mini meydança, həmçinin güləş və cüdo üçün də zal mövcuddur. Yəni orada təkcə futbolçu yox, güləşçi, cüdoçu yetişdirmək üçün də əla şərait var. “Skybox”un tribunalarla iç-içə olması orada matçları izləyəcək nümayəndələrin, funksionerlərin əsl futbol həyəcanı yaşamalarına zəmin formalaşdıracaq.

Şamaxıdakı əsas meydanın tribunaları tavanla örtülüb və ətrafında qaçış zolağı yerləşir. 2200 nəfərlik azarkeş tutumu isə ilk vaxtlar üçün heç də az say deyil. Maraq böyük olarsa, qapıların arxasında da yeni tribunalar inşa etmək olar. Bir sözlə, əsas komandaya yalnız meydançada mübariz oyun göstərmək, yerli pərəstişkarlara özünü sevdirmək qalır.

Əsas müsbət məqamlardan biri uşaq futbolu ilə bağlı əməli fəaliyyətə start verilməsidir. Qısa müddətdə Şamaxıdan 150 uşağın seçimlərə cəlb edilməsi şəhərdə yeniyetmələrin futbola olan sevgilərinin göstəricisidir. Üstəlik, futbol məktəbinin koordinatorunun Azərbaycan futbolunun canlı əfsanəsi Vəli Qasımov olması yeniyetmələr üçün əlavə stimul olmalıdır.

Etiraf edək ki, Azərbaycan futbolunun nə dünəni olub, nə də bu günü var. Heç qarşıdakı illərdə də nəsə gözləməyə dəyməz. Bunu yığma komandaların sərgilədiyi oyun, göstərdiyi nəticələr deyir. Ancaq gələcəyi qurmaq öz əlimizdədir. Bunun meyvələrini dərmək isə Şamaxıdakı, Gəncədəki, Tovuzdakı kimi, Yevlaxda, Lənkəranda, Naxçıvanda və bunun kimi başqa bir çox bölgələrdə də stadionlar inşa etməkdən, yeniyetmələrə ümid verməkdən keçir...
Ruslan Sadıqov, Şamaxı