İstirahətə çempionluq ümidi ilə... - "Turdan sonra"
09.12.2019 - 11:52
İstirahətə çempionluq ümidi ilə... - "Turdan sonra"

Azərbaycan Premyer Liqasında II yarıya yekun vuruldu. Apasport.az saytının məlumatına görə, XIV turda keçirilən qarşılaşmalardan sonra çempionatda fasilə yarandı.

Arxada qalan tur intriqanı qismən də olsa, geri qaytardı. "Qarabağ"ın növbəti dəfə büdrəməsi və "Neftçi"nin qələbəsi çempionluq uğrunda mübarizəyə yeni nəfəs gətirdi.

"Qarabağ"dan xal aldı, mövqeyini itirdi
Tura "Qarabağ" - "Keşlə" matçı ilə start verildi. Qurban Qurbanov bəzi kiçik rotasiyalarla heyəti qurmuşdusa, onun həmkarı Tərlan Əhmədovun belə bir imkanı yox idi. Üstəlik, Miyuşko Boyoviç, Sezar Meza Kolli və Lorenzo Frutos kimi aparıcı futbolçular meydanda yox idilər. Bunun fonunda gənc oyunçulara şans verən Əhmədov seçimində yanılmadı. Motivasiyası aşağı olan, II dövrəni olduqca zəif keçirən ağdamlılar sanki yenə meydana candərdi çıxmışdılar. Komandada fiziki yorğunluqdan çox, psixoloji çöküntü hiss olunurdu. Nəticədə "Qarabağ" II dövrədə 4-cü heç-heçəsini etdi. "Keşlə" isə güclü rəqibinə səfərdə məğlub olmayaraq, aktivinə 1 xal yazdırdı. Ancaq liderlə bərabərlik Əhmədovun kollektivini 2-ci pillədən məhrum etdi.

"Qəbələ" 9 nəfərlə uduzmayıb, autsayderlikdən qurtuldu
Bir tur əvvəl "Zirə"yə böyük hesabla qalib gələn "Qəbələ" bu dəfə Sumqayıta səfər etmişdi. İki bölgə təmsilçisinin duelinə komandalar itkilərlə çıxmışdılar. Xüsusən də, "Sumqayıt"ın heyətlə bağlı ciddi problemləri var idi. "Kapital Bank Arena"dakı qarşılaşmanın taleyi ilk yarım saatda müəyyənləşdi. Komandalar hərəyə bir dəfə fərqlənməklə aktivlərinə 1 xal əlavə etdilər. Matçın son 25 dəqiqəsi daha dramatik alındı. Əvvəlcə Anar Nəzirov, sonlara yaxın isə Qismət Alıyevin qırmzı vərəqə alması "qırmızı-qaralar"ın görüşü 9 nəfərlə tamamlamasına səbəb oldu. Buna baxmayaraq, "Qəbələ" bərabərlik hesabını sona qədər qorumağı bacardı. Bununla Elmar Baxşıyevin komandası autsayderlikdən qurtulub "Sabah"la xalları bərabərləşdirdisə, "Sumqayıt" "Keşlə"yə yaxınlaşmaq şansını əldən verdi.

"Səbail" 20 dəqiqəyə təslim oldu
Mövsümün qeyri-stabil komandalarından olan "Zirə" artıq aşkar autsayder statusunu daşıyan "Səbail"lə üz-üzə gəldi. Qəsəbə təmsilçilərinin duelindən birincilərin qalib ayrılacağına şübhə yox idi. Hətta "Səbail"in ötən turda "Neftçi"ni büdrətməsi də onları "qara zolaq"dan çıxarmamışdı. 3 aydır qələbə üzünə həsrət qalan Aftandil Hacıyevin yetirmələri artıq 20-ci dəqiqədə təslim olmuşdu. Turun yeganə böyük hesabının qeydə alındığı görüşdə "Səbail"in gücü yalnız təsəlli qoluna çatdı. Bununla Hacıyevin kollektivinin qalibiyyətsiz oyunlar seriyası 10-a çatdı. "Zirə" isə 4-cü pillədəki "Sumqayıt"ın kürəyində nəfəsini artıq hiss etdirir.

Əlavə dəqiqələrdə gülən "Neftçi"
Həm turun, həm də Premyer Liqada 2019-cu ilin bağlanış matçı "Sabah"la "Neftçi" arasında keçirildi. Son vaxtlar qeyri-stabil qrafik cızan "Neftçi" yeni baş məşqçi ilə özünə gəlməyə çalışan "Sabah"ı sınağa çəkirdi. Əslində Jelko Sopiç üçün ilk oyunları "Qarabağ" və "Neftçi"yə qarşı keçirmək heç də uğurlu təqvim deyildi. Xorvatiyalı mütəxəssis yenə əsasən yerli oyunçulara güvənmişdi. Ancaq ötən turdan fərqli, qəsəbə təmsilçisi oyun baxımından "Neftçi" önündə aciz qaldı. Başdan sona qədər üstün oyun sərgiləyən "flaqman" hər hissənin əlavə edilmiş dəqiqəsində fərqlənərək, layiqli qələbə qazandı. Bununla "Neftçi" istirahətə çempionluğa ümidlənərək yollandı. Çünki "ağ-qaralar" lider "Qarabağ"la aradakı xal fərqini 6-ya endirdilər.