"Sabah" klubunun xorvatiyalı baş məşqçisi Jelko Sopiçin apasport.az saytına müsahibəsi
- Komandanın ev şəraitində keçdiyi məşq prosesinə əsasən futbolçuların hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Futbolçulara "zoom" proqramı vasitəsilə virtual məşqlər keçirik. Karantin günlərində oyunçular bizə günlük məşqlər barədə videolar göndəriblər. Fasilə müddətində onları mümkün qədər nəzarətdə saxlamışıq. Hansı formada olduqlarını ilk məşq günündə dəqiq biləcəyik.
- Karantin rejimi müddəti uzadılmasa, fasilədən sonra ilk oyun mayın 23-də olacaq. Bu müddət tam hazır olmaq üçün kifayətdirmi?
- Fasilədən sonrakı ilk oyuna kimi 3 həftə vaxtımız olacaq. Məncə, düzgün məşq keçməklə, ilk oyuna kimi futbolçuları tam hazırlamaq mümkün olar. Fikrimcə, hər şey yaxşı olacaq.
- Yəni 19 gün əvvəlki formanı bərpa etmək üçün yetərlidir?
- Bəli, əgər mayın 5-də məşqlərə başlasaq, 19 gün vaxtımız olacaq. Bu, xüsusi vəziyyətdir. Kim deyə bilər ki, 19 gün kifayət edəcək, ya yox? Ancaq dediyim kimi, bu, xüsusi vəziyyətdir. Biz məşqçilər, texniki heyət və futbolçular bütün komanda olaraq işimizə çox ciddi yanaşmalıyıq. Bizə ayrılan 3 həftəlik vaxtdan maksimum yararlanmalı, yaxşı hazırlıq keçməliyik.
- Mövsümün qalan hissəsində sıx təqvim olacaq ki, bu da zədələrin sayının artmasına səbəb ola bilər. Bundan yayınmaq mümkün olacaqmı?
- Zədələrdən maksimum qaçmaq lazımdır. Düzdür, futbol komanda oyunudur. Burada təmasdan yayınmaq mümkün deyil. Buna uyğun olaraq da, zədələrin olması qaçılmazdır. Biz məşqlərdə bu cür zədələrdən mümkün olduqca yayınmalı və çempionatın son 8 oyununa tam hazır olmalıyıq.
- FİFA fasilədən sonra keçiriləcək oyunlarda əvəzetmə sayının 3-dən 5-ə yüksəldilməsini təklif edir. Sizin buna münasibətiniz necədir?
- Bəli, UEFA-nın Avropadakı çempionatların son iki ayı üçün 3 əvəzetmə qaydasını 5 əvəzetmə ilə dəyişməsi ehtimalı barədə eşitmişəm. Məncə, bu çox yaxşıdır. Bu, oyunçuların əvəzlənməsi ilə bağlı bizə əlavə seçim imkanı verəcək. Çünki bir çox futbolçu matçların hamısını eyni səviyyədə keçirmir. Məncə, bu, oyunçular üçün də yaxşıdır. Bu qərarın zədələrin azalmasına kömək edəcəyini düşünürəm.