Kimlər nə etməlidir? - Premyer Liqamızda
03.01.2020 - 10:33
Kimlər nə etməlidir? - Premyer Liqamızda

Bir neçə gündən sonra qış təlim-məşq toplanışına başlayacaq Premyer Liqa klubları hələlik transfer çalışmaları aparırlar.

Apasport.az saytının məlumatına görə, komandalar ilk olaraq heyətlərində "təmizləmə işləri" aparmaqla məşğuldurlar.

Digər tərəfdən bəzi transferlər də artıq gerçəkləşib. Ancaq bu, hələ başlanğıcdır. Bəs klublar hansı mövqelərə transfer ehtiyacı duyurlar? Bu yazıda məhz heyətlərdəki çatışmazlıqları nəzərdən keçirməyə çalışacağıq.

"Qarabağ"
Uzun illərdir heyətin özəyini qorumaqla müəyyən dəyişikliklərə əl atan Ağdam klubunda hələlik 3 ayrılıq baş verib ki, bunlardan ikisi gözlənilən idi. Asmir Beqoviç oyun praktikası toplamaq üçün ölkəmizə gəlmişdi. İstəyinə çatdı və geri döndü. Simeon Slavçev isə bu mövsüm Qurban Qurbanovun planlarına daxil olmadı. Doğrudur, Beqoviçin dönmək ehtimalı hələ də qüvvədədir. Ancaq "Qarabağ" o olmadan da qapıçı problemi yaşamayacaq. Yalnız Riçard Almeydanın ayrılığını ciddi itki saymaq lazımdır. Düzdür, milliləşdirilmiş braziliyalı əvvəlki formasında deyil. Amma istənilən halda, komandanın "beyni" funksiyasını daşıyırdı və orta sahənin lideri idi. Bundan əvvəl onsuz keçən 6 ayda "Qarabağ" çox çətinliklər yaşamışdı. İndi komandaya yeni, daha gənc və enerjili "beyin" lazımdır. Bununla yanaşı, ölkə çempionunda mərkəz hücumçusu mövqeyi də axsayır. Maqaye Qeye bu işi gözlənilən səviyyədə görə bilmədi. Yəqin ki, Qurban Qurbanov da hücumları tamamlayacaq qolçu axtarışındadır.

"Neftçi"
"Neftçi" də oturuşmuş, alternativli heyətə malikdir. Komandanın hər mövqeyində rəqabət var. Amma "ağ-qaralar" çempionluğa iddia etmək üçün bir "level" də artırmalıdırlar. Roberto Bordinin əlinin altında kifayət qədər hücum oyunçusu olsa da, komandanın qol yükünü çiyinlərinə alacaq biri yoxdur. Bombardir Stiven Jozef-Monroz da hələ ki, istənilən oyunu sərgiləmir. Bu üzdən "Neftçi"nin yeni hücumçuya ehtiyacı var. "Flaqman"ın bir orta sahə oyunçusu alması da pis olmaz. Mamadu Kane və Emin Mahmudov mərkəzdə əsas işi görsələr də, hücuma yaxın oynayacaq, ön xətti daim hərəkətdə saxlayacaq pleymeyker çatışmazlığı hiss olunur.

"Keşlə"
Qış fasiləsi öncəsi ciddi itkilərə məruz qalan "Keşlə"nin start "11-liy"i və komanda daxilində formalaşan yüksək ab-hava ilk "üçlük" uğrunda mübarizəyə yetərli ola bilər. Ancaq Tərlan Əhmədovun kollektivinin daha artığını etmək imkanı var. Bakı təmsilçisinin heyətlə bağlı ən ciddi problemi müdafiənin cinahları görünür. Franko Flores və Miyuşko Boyoviç sağlam olduğu müddətdə müdafiənin mərkəzindən narahatlıq keçirməyə ehtiyac olmaz. "Keşlə"nin məhdud büdcəyə malik olduğu məlumdur. Ancaq imkan daxilində vinger mövqeyi üçün alternativ variantlar axtarmaq olar.

"Sumqayıt"
"Gənclik şəhəri" təmsilçisində də durum "Keşlə" ilə bənzərdi. Baş məşqçinin ağıllı gedişləri və heyətə uyğun qurduğu sistem ilk yarıda özünü doğrultdu. Xüsusən də, orta sahə oyunçuları formada olduğu müddətdə "Sumqayıt" istənilən komandadan xal alacaq gücdə olur. Komandanın həm yarımmüdafiə, həm də hücum xəttindəki oyunçuları Ayxan Abbasovu ağırlığı əsasən mərkəzə verməyə vadar edir. Bəzən hesabda geri düşdüyün zaman 3-lü hücuma keçməli olursan. Ancaq "Sumqayıt"ın hazırkı heyəti buna münasib deyil. Bu üzdən "kimyaçılar" alternativ variant kimi cinahlara da tədbir görsə, pis olmaz.

"Zirə"
Davit Volkov və Ağabala Ramazanovun transferi ilə hücum "trio"su tamamlandı. Məşqçilər korpusu Riçard Qadzeni də onların yanına qoyduğu zaman rəqiblər üçün qorxulu hücum xətti yaranacaq. Ancaq orta sahədə seçim imkanı geniş deyil. Elvin Camalov, Cavid Hüseynov və Şafik Tiqrudca "üçlü"sündən biri olmadıqda onları heç kim layiqincə əvəz edə bilmir. Bakılıların etibarlı bir qapıçıya da ehtiyacları var. "Zirə" bu çatışmazlıqları aradan qaldırarsa, həm Premyer Liqada 3-cü yerə, həm də ölkə kubokuna iddia edə bilər.

"Sabah"
Yeni baş məşqçisini, nəhayət ki, tapan "Sabah"da görünən odur ki, köklü islahat aparılacaq. Çünki Jelko Sopiç oyunçulardan narazılığını dilə gətirib, öz heyətini qurmaq istədiyini bildirib. Bu yöndə artıq ilk addım da atılıb. "Qoritsa"dan orta sahə oyunçusu Mario Marina transfer olunub. Amma bakılıların problemi bununla həll olunmayacaq. Müdafiənin sağ cinahı mütləq gücləndirilməlidir. Ən böyük problemi hücum xətti ilə bağlıdır. Rocer Roxas yola salındı və Diallolarla da nəyəsə iddia etmək çətindir. Bu üzdən paytaxt təmsilçisinin ən azı 2 hücum oyunçusuna ehtiyacı var.

"Qəbələ"
Əsasən akademiyanın üzvlərinə üstünlük verən "qırmızı-qaralar"ın çox transferə meyl etməyəcəyini düşünmək olar. İstənilən halda, müdafiənin mərkəzində İvitsa Juniçin yanına bir etibarlı oyunçu alınmalıdır. Fernan Lopes və Merab Qiqauri yarımmüdafiədə gözləniləndən də yaxşı performans göstərirlər. Ancaq hücum xəttinə əl gəzdirmək mütləqdir. Xüsusən də, Davit Volkovun gedişindən sonra ön xətdə bütün yükü üzərinə götürəcək oyunçu almaq vacibdir.

"Səbail"
Çempionatın autsayderinin normal səviyyədə 2-3 oyunçusu var idi, onlardan biri - Ağabala Ramazanov artıq komandanı tərk edib. Məlum məsələdir ki, mövsümün ikinci yarısı "Səbail" üçün formal xarakter daşıyacaq. Aftandil Hacıyevin kollektivinin məqsədi sonuncu pillədən qurtulmaq olacaq. Daha artığını etmək üçün heyət tamamilə dəyişdirilməlidir. Demək olar ki, hər mövqeyə oyunçular alınmalıdır. Ancaq hazırkı büdcə ilə əlindəkiləri saxlasalar, özü böyük iş olar.