Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyun günündə “Mançester Siti” “Atletiko” ilə (0:0), “Liverpul” “Benfika” ilə (3:3) heç-heçə edərək, yarımfinala adlayıb.
Apasport.az saytının məlumatına görə, cavab qarşılaşmaları bir neçə maraqlı statistik məqamlarla yadda qalıb.
IFFHS-in təqdim etdiyi həmin rekordlar bunlardır.
- “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 9 fərqli mövsümdə komandasını yarımfinala çıxaran ilk məşqçi olub. O, bunun 4-ü “Barselona”, 3-nü “Bavariya”, 2-ni isə “Mançester Siti” ilə bacarıb. İspaniyalı mütəxəssis 8 dəfə yarımfinal həyəcanı yaşayan həmkarları Joze Mourinyo və Karlo Ançelottini geridə qoyub.
- “Mançester Siti” ÇL-də 100-cü oyununu keçirib ki, bunun 55-də qalib gəlib. Yalnız bir komanda – “Real” ilk 100 matçında “şəhərlilər”dən daha çox qələbə qazanıb (57).
- “Liverpul”un almaniyalı çalışdırıcısı Yurgen Klopp baş məşqçi kimi 4-cü dəfə yarımfinala yüksələrək, həmyerliləri Yupp Haynkes və Ottmar Hitsfeldin rekordunu təkrarlayıb. Klopp əvvəlki 3 yarımfinalın hər birində komandasını finala apara bilib.
- “Liverpul” Çempionlar Liqası tarixində 12-ci dəfə yarımfinalda oynayacaq. “Qırmızılar” bununla İngiltərə rekordunu təkrarlayıb. “Liverpul” kimi, əzəli rəqibi “Mançester Yunayted” də 12 dəfə bu turnirin yarımfinalına qədər irəliləyib.
- Darvin Nunyes cari mövsüm ÇL-də qol sayını 6-ya çatdırıb. O, bir mövsümdə “Benfika”nın heyətində Çempionlar Liqasında ən çox qol vuraraq, klubun tarixinə düşüb. Nunyes 1998/99 mövsümündə 5 dəfə fərqlənən Nuno Qomeşin rekordunu yeniləyib.
- “Liverpul”un hücumçusu Roberto Firmino “Benfika” ilə görüşdə fərqlənməklə turnirdəki qollarının sayını 20-yə çatdırıb. Braziliyalı forvard komanda yoldaşları Məhəmməd Salah (33), Sadio Mane (22) və “qırmızılar”ın əfsanəvi kapitanı Stiven Cerrarddan (21) sonra ÇL-də 20 qol həddinə çatan 4-cü “Liverpul”ludur.