Kontenin PSJ-dən istəkləri: Maaş, transfer...
26.04.2022 - 22:44
Kontenin PSJ-dən istəkləri: Maaş, transfer...

“Tottenhem”in baş məşqçisi Antonio Kontenin onunla maraqlanan PSJ-dən hansı tələblər irəli sürdüyü məlum olub.

Apasport.az saytının məlumatına görə, London klubunda ildə 17 milyon avro qazanan italiyalı mütəxəssis Paris təmsilçisində bu məbləğin 30 milyon olmasını istəyir.

PSJ rəhbərliyi onun tələblərini müsbət cavablandırsa, Konte “Atletiko”dakı həmkarı Dieqo Simeone ilə birlikdə dünyanın ən yüksək ödənişli məşqçilərindən birinə çevriləcək. O, yalnız öz seçdiyi mütəxəssislərlə çalışmaq və futbolçu transferlərinə birbaşa nəzarət etmək arzusundadır. 

PSJ təcrübəli mütəxəssislə hələlik birbaşa əlaqə saxlamayıb. Ancaq Kontenin “Tottenhem”in prezidenti Daniel Levi ilə fikir ayrılığının olması bu keçidi reallığa çevirə bilər. Həmçinin Premyer Liqa klubu da hazırda PSJ-yə rəhbərlik edən Maurisio Poçettinonu qaytarmaqda maraqlıdır.

Qeyd edək ki, Antonio Kontenin “Tottenhem”lə müqaviləsi 2023-cü ilin yayına qədərdir.