Legionerlərin ümidinə qalan futbolumuz - ən yaxşımız 568-ci yerdə
29.11.2019 - 11:12
Legionerlərin ümidinə qalan futbolumuz - ən yaxşımız 568-ci yerdə

Avropa Liqasının V turundan sonra futbolçuların reytinq siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, “Fedeks” şirkətinin indekslərinə əsasən tərtib olunan cədvələ Bruno Fernandes başçılıq edir.

Portuqaliya “Sportinq”in yarımmüdafiəçisinin hesabında 7843 xal var. Azərbaycan çempionu “Qarabağ”la dünənki görüşdə 2:0 hesabı ilə qalib gələn “Sevilya”nın üzvü Munir 7337 xalla 2-cidir. İlk “üçlüy”ü “Reyncers”in üzvü Alfredo Morelos qapayır – 7246 xal.

Ən yaxşı Azərbaycan futbolçusu Riçard Almeydadır. 2070 xala malik “Qarabağ”ın milliləşən braziliyalısı Avropa Liqasında 293-cüdür.

Ukrayna “Aleksandriya”sında çıxış edən və bu ölkənin yetirməsi olan Pavel Paşayev təmsilçilərimiz arasında 2-cidir. Vətəndaşlığını dəyişən legioner 1301 xalla ümumi sıralamada 501-ci yerdədir.

Azərbaycan futbolunun yetişdirdiyi oyunçular arasında ən yüksək göstərici Qara Qarayevə məxsusdur. “Qarabağ”ın üzvü 1075 xala malikdir. O, cədvəldə 568-cidir.

“Qarabağ”ın üç ən yaxşı oyunçusu legioner statuslu futbolçulardır. Dani Kintana 4323 xalla reytinqdə 40-cı oyunçudur. 2830 xala malik Aylton isə 153-cü pillədə qərarlaşıb. 234-cü olan Miçelin isə aktivində 2352 xal var.