“Dinamo” azarkeşləri məni alqışlayanda həqiqətən də xoşbəxt oldum. Özümü çox gözəl hiss etdim”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli deyib.
25 yaşlı futbolçu Xorvatiya mətbuatına müsahibəsində yeni klubundakı durumu barədə danışıb: “Həmişə komanda, yoldaşlarım və azarkeşlərimiz üçün əlimdən gələn hər şeyi edirəm. Son iki oyunda olduğu kimi davam etsəm, hər şey yaxşı olacaq. Azarkeşlərin alqışları və mənim vurduğum qollar həqiqətən də gələcək üçün böyük motivasiyadır”.
Mahir qolların deyil, qazanılan xalların vacibliyini qeyd edib: “Mənim üçün ən önəmlisi hər matçda maksimumumu qoymaqdır. Təbii ki, qollar şirin, yaddaqalan məqamdır. Qol vurmaq həmişə xoşdur. Amma yekunda xallar görünür. 3 xal tortun üzərindəki gilasa bənzəyir. “Riyeka” ilə qarşılaşmadakı qol oyunun axarını dəyişdi. Təslim olmadıq, qalib gəldik. Sonadək mübarizə apardıq və geridönüş etdik”.
Emreli “Riyeka”ya vurduğu qoldan və zərbələrin üzərində xüsusi çalışmasından da danışıb: “Məşqlərdə çox çalışıram. Zərbələrimin üzərində daha çox işləməliyəm. “Riyeka” ilə matçdakı qola görə xoşbəxtəm. Təsadüfən deyil, istədiyim kimi çərçivəyə düşdüm. Hər futbolçu belə nöqtəyə düşə bilmir”.
Millimizin üzvü zədələrdən şikayətlənib və meydana belə vəziyyətdə çıxdığını axmaqlıq adlandırıb: “Bu, ən zəif yerimdir. Hər dəfə ağrı hiss edəndə bu barədə düşünmür oynamaq istəyirəm. Belə anlarda yanımda “Mahir, dayanmaq vaxtıdır” deyən adam olmalıdır. Amma özüm “kişi ol, xarakter göstər, ağrıyırsa, ağrısın” deyə düşünürəm. Bəzən çox səhv yanaşıram. “Hayduk”la derbidə də belə oldu. Derbinin dəyərini bildiyimdən oynamaq istəyirdim. Bu çox pis, çox axmaq addım idi. Mənim tərəfimdən verilən pis qərar oldu. Bu oyunda heç nə edə bilmədim. Heç kim də bilmir ki, zədəli idim və məşqçilərə bu barədə demədim. Azarkeşlərin mənə baxanda nə düşündüyünü təsəvvür edirəm. Onlar həmin “Dinamo”nun məni niyə aldığının təəccübünü yaşayırdılar. Bu dəqiq mənim səhvim idi və bir daha təkrarlanmayacaq”.
Hücumçu növbəti matçlarda qol vəd etməkdən boyun qaçırıb: “Qolların yenə olacağını demək çətindir. Bəzən oyun yaxşı alınır, çoxsaylı qol epizodları olur. Amma top qapıya girmək istəmir. Ümid edirəm ki, bu dəfə vuracağıq. Biz heyətində güclü futbolçular olan yaxşı rəqibə qarşı oynayacağıq. Bilirəm ki, stadionda cəhənnəm ab-havası olacaq. Amma azarkeşlərimiz bizimlə olacaq. Yerli komandanın fanatları çox olsa da, biz azarkeşlərimizin səsini meydanda da eşidirik. Biz “Dinamo”yuq, həmişə qələbə və üç xal üçün mübarizə aparırıq. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, meydanda dominantlıq etmək və qalib gəlmək istəyirik. Splitdəki stadionda olan ab-hava da bizə maraqlı deyil. Yalnız öz oyunumuzu düşünürük. Ümid edirəm ki, bu dəfə Zaqrebə üç xalla qayıdacağıq”.
Forvard “Hayduk”la səfər matçının vacibliyinə də toxunub: “Düşünmürəm ki, qələbə titul qazanmaq deməkdir. Qarşıda hələ çox çətin oyunlarımız var. Bizi sonadək mübarizə gözləyir”.