“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanovun apasport.az saytına müsahibəsi
- Premyer Liqada artıq 22 tur geridə qalıb. Mövsümün necə yekunlaşmasını gözləyirsiz?
- Çempionatda çempionluq, demək olar ki, 1-2 tura həll olacaq. Çünki xal fərqi çoxdur. “Qarabağ”ın da bu şansı əldən verməsi inandırıcı deyil. Düşünürəm ki, ikinci yer də həll olub, bu yer “Neftçi”nindir. Əsas mübarizə 3-cü yer uğrundadır. “Zirə”, “Qəbələ” və “Sabah” bürünc medala iddia edir. Hər birinin şansı eynidir. Məncə, bu mübarizə mövsümün sonuna qədər davam edəcək.
- Qış fasiləsindən əvvəl əksəriyyət “Sabah”ı siyahıdan silmişdi. Ancaq bu komanda artıq ilk “dördlüy”ə çox yaxındır. Avrokuboklara vəsiqə yolunda “Zirə”, “Qəbələ”, yoxsa “Sabah”ın kənarda qalacağını düşünürsüz?
- Nəsə demək çətindir. Sizin də vurğuladığınız kimi, “Sabah” ikinci yarıdakı yüksəlişi ilə yuxarı pillələrdəki rəqiblərinə yaxınlaşdı. Həm “Zirə”, həm də “Sabah” yaxşı futbol oynayır. Son vaxtlar bir qədər enişdə olsa da, “Qəbələ” də pis çıxış etmir. Heç birinin şansını digərlərindən çox olduğunu fikirləşmirəm.
- Ötən mövsüm çempion olan “Neftçi”nin bu dəfə birincilik mübarizəsindən tez qopmasının səbəbi nə oldu?
- “Neftçi”də çalışdığım üçün öz komandamız haqda danışmağım düz çıxmaz. Amma “Qarabağ”ın oyunlarına baxanda görürük ki, onlar heç kimə şans vermirlər.
- Sizin də futbolçularınız olan Fərid Yusifli, İsmayıl Zülfüqarlı kimi gənc oyunçular “Neftçi”nin əsas komandasında çıxış edirlər. Hazırda əvəzedici heyətdə elə oyunçular varmı ki, mövsümün sonunda əsas komandaya yollanmağa hazırdırlar?
- Gənclərin yaxşı çıxışı təkcə bizim yox, “Neftçi”nin üstünlüyüdür. Hamımız bu klubun uğuru üçün çalışırıq. Onların özlərini göstərmələri müsbət haldır. Çünki bu, akademiyamızdan yaxşı oyunçuların çıxdığını göstərir. Fərid və İsmayılla yanaşı, Vüsal Əsgərov, Ramin Nəsirli kimi gənclərimiz də var. O ki qaldı növbəti mövsüm üçün kiminsə hazır olub-olmadığına, bu, əsas komandanın baş məşqçisinin seçimindən asılıdır. Yaxşı futbolçularımız var. Ancaq son sözü baş məşqçi deyir.
- Həm “Neftçi-2”dəki, həm də rəqiblərinizdəki gənc oyunçuların hamısına, demək olar ki, bələdsiz. Azərbaycan futbolunun sabahı necə görünür?
- Futbolumuzun sabahı nə yaxşı görünür, nə də pis. Birinci divizionda həvəsli, oynamağa istəkli uşaqlar var. Oyunlarından, hərəkətlərindən görünür ki, bacarıqları var. Ancaq altı aydan, bir ildən sonra hansı durumda olacaqlarından çox şey asılıdır. Bizdə ən çox “sınan” uşaqlar keçid dövründə olur. Oyunları itir, futbola həvəsləri azalır. Futbol xarakter oyunudur. Karyera qurmaq istəyirsənsə, xarakter göstərməli, bu mərhələni keçməlisən.
- İldən-ilə yetişən gənc nəsil özündən əvvəlkilərdən zəif olur. Bu geriləmənin səbəbləri nədir, niyə daha yaxşı gənclər yetişdirməkdə çətinlik çəkirik?
- Bu sual ətrafında çox danışmaq olar. Sadəcə, qısa deyə bilərəm ki, indiki futbolçuların çoxu robot kimidir. Bilmirəm, bəlkə də, mühitdəndir. Oyunçularımızın inkişafı ləng gedir. Bu problemləri tapıb, üzə çıxarmaq lazımdır ki, uşaqların inkişafı yolunda önlərini aça bilək.
Ruslan Sadıqov