“Neftçi”nin futbolçusu Mamadu Kanenin formasını geyindiyi Qvineya yığmasında qalmaqal yaşanıb.
Apasport.az saytının məlumatına görə, Afrika Millətlər Kubokunda qrup mərhələsinin Zimbabve ilə son matçının ardından millinin futbolçuları siqaret və pivə ilə ziyafət təşkil ediblər.
Komanda Zimbabveyə məğlub olsa da, qrup ikincisi kimi, 1/8 finala adlayıb. Qarşılaşmadan sonra bəzi oyunçular məskunlaşdıqları otelin bir otağında yığışaraq pivə içib, siqaret çəkiblər. Hadisədən xəbərdar olan Qvineya Futbol Federasiyası əsas təşkilatçı sayılan 2 futbolçunu – müdafiəçi İbrahima Konte və hücumçu Seyduba Sumanı millidən uzaqlaşdırıb.
İcarə əsasında “Neftçi”də çıxış edən və müqavilə ilə Yunanıstan “Olimpiakos”una məxsus olan Mamadu Kanenin həmin qrupun içində olmadığı bildirilib.
Qeyd edək ki, Qvineya 1/8 final mərhələsində yanvarın 24-də Qambiya ilə qarşılaşacaq.