Marko Deviç və ya “əmi”, “dayı” sayıla biləcək futbolçular - Azərbaycan çempionatında
22.01.2020 - 11:53
Marko Deviç və ya “əmi”, “dayı” sayıla biləcək futbolçular - Azərbaycan çempionatında

Azərbaycan Premyer Liqasında son 10 ildə meydana çıxan ən yaşlı futbolçuların siyahısı müəyyənləşib.

2020-ci ilin əvvəlində son 10 illə bağlı bir sıra maraqlı məqamları araşdıran apasport.az saytı bu dəfə veteranların kimliyinə aydınlıq gətirib.

Buna Azərbaycan Premyer Liqasında qış transfer dövründə Marko Deviçin keçidi səbəb olub. Bakının “Sabah” klubu sabahın deyil, dünənin ulduzunu heyətinə qatıb. Ukrayna yığmasının vaxtilə milliləşdirdiyi serbiyalı qısa fasilədən sonra yenidən paytaxt klubuna qayıdıb.

Bu il 37 yaşını tamamlayacaq veteran heyətdəki gənclər üçün “əmi”, “dayı” sayıla biləcək yaşdadır. 2010-19-cu illərə nəzər salsaq, Marko heç də ən yaşlı futbolçu olmayacaq.

Son 10 ildə 36 yaşı keçdikdən sonra meydana çıxan futbolçular az olmayıb. Bunu bacaran 15 veterandan 8-i yerli, 7-si əcnəbidir. 16-cı belə oyunçu olacaq Marko bu nisbətdə tarazlıq yaradacaq.

Hələ də Premyer Liqada çıxış edən Rəşad Sadıqov, Rəşad Sadiqov və Maykl Essyen də bu siyahıda yer alıb. Deviç də təxminən həmyaşıd olduğu futbolçulara qoşulacaq.

Son 10 ilin rekordu isə Aqil Məmmədova məxsusdur. “Sumqayıt”ın sabiq yarımmüdafiəçisi 2011/12 mövsümündə meydana çıxanda 39 yaşı da arxada qoymuşdu. Elə həmin mövsüm onunla eyni komandada oynayan Mahmud Qurbanov ikinci göstəriciyə malikdir. O, 39 yaşına 40 gün qalmış meydana çıxıb. Karyerasını təxminən bir il sonra bitirən Dmitri Kramarenko ən yaşlı qapıçı kimi onilliyə düşüb.

Daha bir oyunçu 38 yaşdan sonra meydana çıxa bilib. Bu, ən yaşlı legioner olan Taras Çopikdir. Ukraynalı qolkiper də Kramarenko kimi ölkəmizdəki son oyununda “Simurq”da meydana çıxıb.

2010-19-cu illərdə Premyer Liqada oynamış 36 yaşdan yuxarı futbolçular

Aqil Məmmədov

39 yaş 225 gün

Mahmud Qurbanov

38 yaş 325 gün

Dmitri Kramarenko

38 yaş 198 gün

Taras Çopik

38 yaş 87 gün

Aslan Kərimov

37 yaş 329 gün

Fərhad Vəliyev

37 yaş 190 gün

Rəşad Sadıqov

37 yaş 167 gün

Maykl Essyen

36 yaş 328 gün

Azər Məmmədov

36 yaş 316 gün

Georgi Lomaya

36 yaş 280 gün

Branislav Çervenka

36 yaş 226 gün

Aleksandr İaşvili

36 yaş 200 gün

Ansi Aqolli

36 yaş 148 gün

Rəşad Sadiqov

36 yaş 58 gün

Armand Feutchine

36 yaş 31 gün