“Yaxşı oyun oldu. Rəqib yüksək səviyyədə olan, təşkilatlanmış komanda idi”.
Apasport.az saytının məlumatına görə, bunu Belarus millisinin futbolçusu Yevgeni Yablonski Azərbaycanla keçirilən yoldaşlıq görüşündən sonra deyib.
26 yaşlı yarımmüdafiəçi 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmadan sonra Belarus Futbol Federasiyasının rəsmi saytına fikirlərini bölüşüb.
BATE-nin oyunçusu yaxşı mübarizə apardıqlarını söyləyib: “Oyuna ciddi hazırlaşmışdıq. Müdafiədə yaxşı çıxış edirdik və təhlükəli əks-hücumlara keçirdik. Ancaq öz səhvlərimizdən qollar buraxdıq. Bu da təcrübəsizlikdən qaynaqlandı. Heyətdə bir çox dəyişiklik edilmişdi. Meydanda olan futbolçular əllərindən gələni etdilər”.