“AVRO-2020-nin seçmə mərhələsinin Xorvatiya və Azərbaycanla oyunları ərəfəsində komandamızda əla ab-hava var. Bu görüşlər ən vacib matçlardır”.
APA-nın məlumatına görə, bunu Slovakiya yığmasının futbolçusu Milan Duriş deyib.
31 yaşlı hücumçu AVRO-2020-nin seçmə mərhələsinin son oyunları ərəfəsində müsahibə verib. Noyabrın 16-da Xorvatiya, üç gün sonra Azərbaycanla görüşlərin vacibliyini vurğulayan forvard final mərhələsinə qatılmaq istəyini açıqlayıb: “İnanıram ki, Xorvatiyaya qarşı görüşü yüksək səviyyədə keçirə biləcəyik. Hazırda bu oyuna köklənmişik. Son addımın ən çətin olduğu deyilir. Bizim də qarşıda iki belə addımımız qalıb. Əminəm ki, hər iki qarşılaşmaya yaxşı hazırlaşacaq və Azərbaycanla Xorvatiya ilə matçlarda diqtə edən tərəf olacağıq. Final mərhələsində iştirak əla hissdir. Bunu yenidən yaşamaq istəyirik”.
Qeyd edək ki, Azərbaycan yığması ilə Slovakiya arasında matç Trnava şəhərində baş tutacaq.