Milan Obradoviç: "Futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da..."
05.09.2019 - 21:15
Milan Obradoviç: "Futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da..."

“Komanda oyuna yaxşı hazırlaşıb. Futbolçular istəklidirlər və səbirsizliklə oyunun başlama saatını gözləyirlər”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Milan Obradoviç deyib.

Serbiyalı mütəxəssis AVRO-2021-in seçmə mərhələsinin Slovakiya ilə sabah keçiriləcək oyunu öncəsi matç barədə fikirlərini açıqlayıb. İlk görüşündə Lixtenşteynə 0:1 hesabı ilə uduzan komandanın çalışdırıcısı Slovakiya, ardınca Gürcüstana qarşı keçiriləcək qarşılaşmalara hazırlığı dəyərləndirib: “Sabah meydanda güclərindən maksimum dərəcədə istifadə edəcəklərinə əminəm. Heyətdə zədəli futbolçumuz yoxdur. Oyunçuların fiziki hazırlığı yaxşıdır, amma unutmayaq ki, 4 gün ərzində iki rəsmi oyun keçirəcəyik. Ümumiyyətlə, futbolçuların fiziki durumu nə qədər yaxşı olsa da, mən daha artığını istəyirəm. Futbolçularla mütəmadi olaraq həm fərdi, həm də komanda şəklində söhbətlər aparırıq. Onların psixoloji cəhətdən də oyuna hazır olmasına çalışırıq”.  

M.Obradoviç sabahkı rəqibin çox güclü olduğunu da vurğulayıb: “Rəqiblərə gəldikdə, slovaklar Avropanın ən güclü yığmalarından biridir. Hazırkı komanda üzvlərini hələ Serbiya millisində işləyən vaxtdan tanıyıram. Düzdür, sabah bizə qarşı hansı heyətlə çıxacaqlarını bilməsəm də, futbolçular haqda məlumatlıyam. Onlar topu özlərində daha çox saxlamağı sevirlər”.