Millimizi kim çalışdırsın: Yerli yaxşıdır, yoxsa əcnəbi?
18.12.2019 - 10:42
Millimizi kim çalışdırsın: Yerli yaxşıdır, yoxsa əcnəbi?

Xorvatiyalı Nikola Yurçeviçi istefaya göndərən Azərbaycan milli komandasının boş qalan baş məşqçi postuna namizəd axtarışı davam edir.

Apasport.az saytının məlumatına görə, bu prosesdə ən çox müzakirəyə səbəb olan məqam yığmanı yerli, yoxsa əcnəbi çalışdırıcıya həvalə olunması ilə bağlı sualdır.

1994-cü ildən rəsmi turnirlərdə çıxış edən millimiz indiyədək həm azərbaycanlı, həm də əcnəbi mütəxəssislərin rəhbərliyi altında mübarizə aparıb. Tarixə nəzər salsaq, onlardan hansının daha əlverişli olduğu barədə mülahizə yürütmək olar.

AVRO-2020-nin seçmə mərhələsinin Slovakiya ilə Trnavadakı son oyunu yığmada yerli-əcnəbi balansında tarazlıq yaradıb. Belə ki, dünya və Avropa çempionatlarının seçmə mərhələləri, həmçinin Millətlər Liqasında ümumilikdə 132 matçda qüvvəsini sınayan millimizi oyunların yarısına həmyerlilərimiz, yarısına legionerlər çıxarıb. 

Müxtəlif illərdə azərbaycanlı mütəxəssislərdən 9-u - Ağasəlim Mircavadov, Kazbek Tuayev, Vaqif Sadıqov, Əhməd Ələsgərov, İqor Ponomaryov, Əsgər Abdullayev, Şahin Diniyev, Mahmud Qurbanov və Qurban Qurbanov komandaya rəsmi turnirin görüşündə rəhbərlik edib. Onların hesabında 66 matç var.

2004-cü ildən başlayaraq legionerlərə də şans verilən yığmada 5 əcnəbi çalışıb. Bunlar Karlos Alberto Torres, Qyoko Hacıyevski, Berti Foqts,  Robert Prosineçki və Nikola Yurçeviçdir. Onların da hesabında eyni sayda – 66 oyun var.

Bu 66 oyundakı nəticələrə görə müəyyən müqayisələr aparmaq olar. Hərçənd D divizionunda yer aldığımız və zəiflərlə qarşılaşdığımız Millətlər Liqasının nəticələrinin yerlilərin hesabına yazılması heç də tam düzgün deyil. Çünki seçmə mərhələlərdə həm güclü, həm ortabab, həm zəiflərlə qarşılaşdığımızdan burada yerlilərlə legionerlər təxminən eyni durumda olub. Millətlər Liqasında isə nəinki güclü, heç demək olar ortabab rəqib də görməmişik.

Yerli məşqçilərlə millimiz 7 qələbə qazanıb, 11 heç-heçə edib və 48 dəfə uduzub. Top fərqi 32-150-dir. Yığmamız onlarla 32 xal toplayıb. Amma bunun 9-nun Millətlər Liqasında yığıldığını da vurğulamaq lazımdır. Ümumilikdə isə azərbaycanlı mütəxəssislər mümkün olanın təxminən 16 faizinə imza atıb.

Legionerlərin Millətlər Liqası kimi turnirdə xal hesabını artırmaq imkanı olmasa belə üstünlük onların tərəfindədir. Millimiz əcnəbilərlə 8 qələbə qazanıb, 16 heç-heçə edib və 42 dəfə uduzub. Bütün göstəricilərdə olduğu kimi vurulan və buraxılan topların sayı da yerlilərdən daha yaxşıdır – 45:125. Xaricdən gəlmə məşqçilərlə 39 xal əldə edən komanda mümkün olanın təxminən 20 faizini gerçəkləşdirib.

Göründüyü kimi, yerli məşqçilər nəticələrə görə legionerlərə uduzur. Amma fərqin çox az olması da diqqət çəkir. Əcnəbilər daha güclüdür, amma istənilən qədər də yox. 66 oyunda 7 xallıq fərqə görə əcnəbi axtarmağa bəlkə də dəyməz. Amma istənilən halda, son qərarı AFFA verməlidir. Buna isə böyük ehtimalla 2020-ci ilin əvvəlində aydınlıq gələcək.