“Qarabağ” oyunu, gücü ilə ölkə kubokunu qazanmağa daha yaxındır”.
Bunu apasport.az saytına açıqlamasında “Qarabağ”ın və yığmamızın sabiq futbolçusu İlqar Qurbanov Ağdam klubunun Azərbaycan kubokundakı şansını dəyərləndirərkən deyib.
36 yaşlı mütəxəssis yarımfinalın ilk oyununda “Qəbələ”ni səfərdə 3:1 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələrinin cavab görüşündə sensasiyaya imkan verməyəcəyini düşünür. “Neftçi” – “Zirə” duelinə də toxunan Qurbanov ürəyindən keçən final cütlüyünü də açıqlayıb: “Finaldakı bir komanda yüz faiz “Qarabağ”dır. Digər cütlükdə maraqlı oyun olacaq. Həm “Zirə”, həm də “Neftçi” ilk görüşdə ehtiyatlı oynadı. Bu cütlüyün mübarizəsi mənə də maraqlıdır. Məncə, “Qarabağ” – “Zirə” finalı daha maraqlı olar. Çünki “Neftçi” indi o qədər də yaxşı futbol sərgiləmir”.
Qeyd edək ki, “Zirə” ilə “Neftçi” arasında ilk görüş qolsuz bərabərliklə yekunlaşıb. Yarımfinalın cavab matçları aprelin 29-da keçiriləcək.