“Çox yaxın, gərgin mübarizə oldu. Hər iki komandanın qələbəyə şansları var idi”.
Apasport.az saytının məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XVII turunda öz meydanlarında “Neftçi”yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.
39 yaşlı mütəxəssis ölkə kubokundan sonra rəqibə çempionatda da məğlub olmalarını mətbuat konfransında dəyərləndirib: “Təəssüf ki, üç oyundur başımıza eyni ssenari gəlir. Birinci hissəni yaxşı keçiririk, ikinci hissənin əvvəlində rəqibin ilk hücumunda qol buraxırıq. Buraxdığımız toplar çox sadə, asan qollar olur. Təəssüf ki, yenidən oyuna dönə bilmədik. Yaxşı imkanlarımız oldu. Məyusedicidir ki, rəqibin yalnız bir təhlükəli anı oldu. Bu ustalıqdır ki, əlinə düşən hər şansı qola çevirə bilirsən”.
İstədiyi komandanı hələ formalaşdırmadığını söyləyən rusiyalı məşqçi son üç görüşdəki məğlubiyyətin səbəbini də açıqlayıb: “Üç oyunda uduzmuşuq. Baş verənlərlə bağlı məmnun ola bilmərəm. Ona görə də, belə çıxır ki, istədiyim komandanı hələ formalaşdıra bilməmişəm. Bu görüşlərin ikinci hissəsində qol buraxaraq uduzmağımızın səbəbi yəqin ki, başımızdadır. Birinci hissəni yaxşı oynayıb, ikinci hissədə konsentrasiyanı itirmək müəyyən mənada başla bağlıdır. Bu problem bizi son üç görüşdə qələbədən məhrum edir”.
Musayev avrokuboka vəsiqə şansları ilə bağlı sualı isə ümidsiz cavablandırıb: “Avrokubok şanslarımız çox azdır, tükənmək üzrədir. Hər oyunçu itkisi bizim üçün çətindir. Kristian Sebalyosun 4 aylıq sıradan çıxması, Xulio Sezar Rodrigesin, Xuan Kamaranın yoxluğu hücumda kəsərliliyimizin az olmasına səbəb olur. Zədəli futbolçularımızın növbəti turda da iştirakı çətin görünür”.