Namik Ələskərovun qolu məğlubiyyətə mane olmadı
15.04.2022 - 23:31
Namik Ələskərovun qolu məğlubiyyətə mane olmadı

Azərbaycan millisinin hücumçusu Namik Ələskərov Türkiyədə növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı forvardın formasını geyindiyi “Bursaspor” TFF I Liqanın XXXII turunda İstanbul səfərinə yollanıb.

“Timsah” turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “İstanbulspor”un qonağı olub. “Necmi Kadıoğlu” stadionundakı qarşılaşmaya qonaqlar erkən qolla başlayıb. 7-ci dəqiqədə məhz Namik Ələskərov hesabı açıb. Lakin bu, xal qazanmaq üçün kifayət etməyib.

Hissənin sonlarına yaxın bərabərlik topunu vuran ev sahibləri ikinci hissədə daha iki dəfə fərqlənərək, 3:1 hesablı qələbə qazanıb.

Bu məğlubiyyətdən sonra 31 xalda qalan "Bursaspor" 19 komanda arasında 18-ci yerdə qərarlaşıb.