Nemanya Andelkoviç “Neftçi” ilə oyunun əhəmiyyətini dəyərləndirdi - MÜSAHİBƏ
27.04.2022 - 14:33
Nemanya Andelkoviç “Neftçi” ilə oyunun əhəmiyyətini dəyərləndirdi - MÜSAHİBƏ

“Zirə”nin serbiyalı müdafiəçisi Nemanya Andelkoviçin apasport.az saytına müsahibəsi

- Premyer Liqanın XXIV turunda “Sumqayıt” səfərində qələbəni (1:0) böyük çətinliklə qazandız. Həm son dəqiqə qolu ilə qalib gəlməyinizin, həm də Davit Volkovun qol tilsimini qırmasını “Zirə” üçün ikiqat sevindirici məqam saymaq olar?
- Ən əsası odur ki, bizim üçün çox vacib olan 3 xalı qazandıq. Əlbəttə ki, son dəqiqədə qol vurmağımız Allahın bizə mükafatı idi. Çünki öz oyunumuzu göstərirdik, nə istədiyimizi bilirdik. Bu üzdən müsbət nəticə gəldi. Qardaşım Volkovun qol vurmasına da çox sevindim.

- Hazırda 4-cü yerdən 7 xal öndəsiniz. Sona 4 tur qalmış 3-cü yeri tutmağı “Zirə” üçün kifayət sayırsız, yoxsa məqsəd turnir cədvəlində “Neftçi”ni də qabaqlamaqdır?
- Bizim öz məqsədimiz var və addım-addım ona doğru gedirik. Gözümüzü heç yerə dikmirik. Qarşıda “Neftçi” ilə matçımız var və yalnız həmin görüşə hazırlaşırıq. Düşünürəm ki, “Zirə” ölkə kubokunun finalında və avrokuboklarda oynamağa layiqdir.

- Kubokdan söz düşmüşkən, aprelin 29-da yarımfinalın “Neftçi” ilə cavab görüşünə çıxacaqsız. Hər iki komanda son matçlarda çox güc sərf edib. Şansları necə görürsüz?
- “Neftçi” ilə üç gün sonra keçirəcəyimiz qarşılaşmanın hər detalına fokuslanmışıq. Matça hazırıq, hədəfimiz və planımız var. Cavab görüşündə nəticənin bizim üçün müsbət olacağını ümid edirəm.

- Müdafiənin mərkəzində Cəlal Hüseynovla tandem təşkil edirdiz. Onu Azərbaycan futbolu üçün gələcəyin Rəşad Sadıqovu saymaq olar? Ümumiyyətlə, sizcə, Cəlal Avropada hansı səviyyədə çıxış edə bilər?
- Cəlal çox gənc və perspektivli futbolçudur. Məncə, yaxşı karyera quracaq. Bunun üçün yalnız futbol və məşq barədə düşünməlidir. Bu, Cəlal üçün də, mənim üçün də çox şey deməkdir. Hər şey özündən asılıdır. O ki qaldı baş məşqçimiz Rəşad Sadıqova, o, əla insan, eyni zamanda Azərbaycan futbolunun əfsanəsidir. Ondan öyrənəcəyimiz çox şey var.

- Artıq il yarımdır ölkəmizdəsiniz. Bakı şəhəri və Premyer Liqa barədə təəssüratlarınız nələrdir?
- Artıq 1,5 ildir ki, Bakıdayam. Premyer Liqadakı rəqabəti bəyəndiyimi deyə bilərəm. Meydançalar və məşq şəraiti yaxşıdır. Ona görə də Azərbaycanda həyatımdan çox razıyam.

- Premyer Liqada üz-üzə gəlmək istəmədiyiniz bir hücumçu varmı?
- Mənə görə, Davit Volkov Azərbaycan çempionatının ən yaxşı hücumçusudur.

- “Zirə” ilə müqaviləniz yayda başa çatacaq. Gələcək planlarınız nələrdir?
- Bəli, müqaviləm başa çatır. Başqa təkliflərim var, ancaq ilk olaraq “Zirə” ilə danışmaq istəyirəm. Çünki zədələnəndə mənə böyük dəstək verdilər. Klubda hər kəsə mənə olan etimada görə təşəkkür edirəm.

Ruslan Sadıqov