“Neftçi” avrokubokların pley-offuna vəsiqəni təmin edib.
Apasport.az saytının məlumatına görə, Bakı klubu buna Çempionlar Liqasının I təsnifat mərhələsini adlamaqla nail olub.
Paytaxt təmsilçisi Gürcüstan “Dinamo”sunu (Tbilisi) iki oyunun (4:2) nəticəsinə əsasən üstələyib. Bu, Samir Abasovun yetirmələrinin cari mövsüm avrokuboklarda ən azı daha 6 oyun keçirəcəyi deməkdir. Yəni “Neftçi” üç qitəmiqyaslı turnirdən birinin pley-offunda oynayacaq.
Çempionlar Liqasının pley-offuna tək yol
“Dinamo”nu keçən “ağ-qaralar” II təsnifat mərhələsində Yunanıstan “Olimpiakos”u ilə görüşəcək. Qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün bakılılar həm Ellada təmsilçisini, həm də III təsnifat mərhələsindəki rəqibini keçməlidir.
Avropa Liqasının pley-offuna 2 istiqamətlə
“Neftçi” “Olimpiakos” səddini keçsə və III təsnifat mərhələsində uduzsa, Avropa Liqasının pley-offuna düşəcək.
Abasovun yetirmələri Pirey təmsilçisinə uduzsa, Avropa Liqasının III təsnifat mərhələsinə yollanacaq. Buradakı qələbə komandanı ikinci dərəcəli turnirdə pley-offa daşıyacaq.
Məğlubiyyətlərlə yeni turnirdə pley-off
“Neftçi” Konfrans Liqasının pley-offuna düşmək üçün yalnız uğursuzluqları sıralamalıdır. Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”a, ardınca Avropa Liqasının III təsnifat mərhələsində də qarşılaşacağı komandaya məğlubiyyət “Neftçi”ni yeni turnirin pley-offuna aparacaq.