Portuqaliya və Polşa dünya çempionatında!
30.03.2022 - 00:41
Portuqaliya və Polşa dünya çempionatında!

DÇ-2022-nin Avropa zonası üzrə pley-off mərhələsinin final oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bununla daha iki komanda dünya çempionatına vəsiqə qazanıb.

Yarımfinalda son Avropa çempionu İtaliyanı məğlub edən Şimali Makedoniya eyni uğuru Portuqaliya önündə davam etdirə bilməyib. Öncəki mərhələdə Türkiyəni üstələyən Kriştiano Ronaldonun komandası bu dəfə də sensasiyaya imkan verməyib. Bruno Fernandeşin dublu (32, 65) Portuqaliyanı mundiala daşıyıb – 2:0.

Digər cütlükdə isə Polşa ilə İsveç üz-üzə gəlib. Polşalılar Robert Levandovskinin 49-cu dəqiqədə vurduğu penalti qolu sayəsində önə keçib. Pyotr Zelinski 73-cü dəqiqədə fərqi 2 topa çatdırıb. Nəticədə Polşa da 2:0 hesablı qələbə qazanaraq, dünya çempionatında iştirak hüququna yiyələnib.

Qeyd edək ki, dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.