Premyer Liqada iştirak üçün müraciətin son tarixini açıqladı – AFFA rəsmisi
02.03.2022 - 16:41
Premyer Liqada iştirak üçün müraciətin son tarixini açıqladı – AFFA rəsmisi

“Birinci divizionda çıxış edən 5 klubun hamısı Premyer Liqada iştirak üçün noyabrda müraciət edib”.

Bu barədə apasport.az saytına AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov məlumat verib.

Assosiasiya rəsmisi bildirib ki, hazırda sənədləşdirilmə prosesi davam edir. Həmçinin əlavə edib ki, klubların maliyyə sənədlərini təqdim etmək üçün vaxtları var: “Hazırda sənədlərin toplanması prosesi gedir. Adətən əsas çatışmazlıq maliyyə ilə bağlı olur. Buna da hələ vaxt var. Bununla bağlı sənədlər martın sonunda və ya aprelin əvvəlində təqdim olunmalıdır. Komandalar digər meyarlarla bağlı sənədləri veriblər. Bura stadionla bağlı müqavilələr, məşqçilərin diplomları və s. sənədlər aiddir. Lisenziyanı almamağa əsas səbəb olan meyar maliyyədir. Bu, bütün ölkələrdə belədir”.

Elçin Məmmədovun sözlərinə görə, Premyer Liqa üçün müraciətin son tarixi aprelin 10-udur: “Gələn ay ərzində sənədləri topladıqdan sonra bunları qiymətləndirməli, komissiya üçün hesabat yazmalıyıq. Yalnız mayın əvvəlində qərar verə biləcəyik”.

AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri eyni zamanda Premyer Liqa klublarının da hamısının UEFA lisenziyası üçün müraciət etdiyini vurğulayıb: “Orada da vəziyyət eynidir, maliyyə hələ təqdim olunmayıb. Həmçinin digər meyarların hansındasa çatışmazlıq gördükdə klublara bildiririk ki, düzəltsinlər. Premyer Liqa təmsilçiləri artıq təcrübəlidir, neçə ildir tələb olunan sənədləri təqdim edirlər. Onlarla bağlı hansısa ciddi problem olacağını düşünmürəm. Martın sonunda UEFA üçün sənəd təqdimi yekunlaşmalıdır”.

Qeyd edək ki, I divizionda iştirak edən “Qaradağ Lökbatan”, “Kəpəz”, MOİK, “Zaqatala” və “Turan Tovuz” növbəti mövsüm elitaya qatılmağa iddialıdır.