Premyer Liqada 10 cəzalı
25.04.2022 - 22:47
Premyer Liqada 10 cəzalı

Azərbaycan Premyer Liqasının XXIV turu 10 futbolçunun cəzalı duruma düşməsi ilə nəticələnib.

Apasport.az saytının məlumatına görə, XXV turu buraxacaq oyunçulardan ikisi qırmızı, səkkizi sarı vərəqə limiti üzündən bu duruma düşüb.

Daha çox itki “Şamaxı”dadır. Bölgə təmsilçisinin heyətində Franko Flores qırmızı, Şəhriyar Əliyev 8-ci, Pərviz Azadov 4-cü sarı vərəqə üzündən “Səbail”ə qarşı oynamayacaq. Autsayderin də iki itkisi var. Adil Nağıyev 8-ci, Tural Bayramlı 4-cü sarı vərəqəni aldığı üçün turu buraxacaq.

“Neftçi” iki oyunçusunu itirib. Ömər Buludov qırmızı, Mamadu Mbodj 4-cü sarı vərəqəni alıb. Bu üzdən onlar “Sumqayıt”a qarşı forma geyinməyəcək. “Gənclik şəhəri” təmsilçisi 8-ci xəbərdarlıq alan Höccət Haqverdinin xidmətindən məhrumdur.

Avrokuboklara iddialılar “Qəbələ” və “Sabah”da da itki var. Bölgə klubu Rövlan Muradovu, paytaxt təmsilçisi çempionatın bombardirliyinə şərik olan Coy-Lens Mikelsi itirib. Hər iki oyunçu 4-cü xəbərdarlığı alıb. Rövlan “Zirə”yə, Coy-Lens “Qarabağ”a qarşı matçda “istirahət edəcək”.