Birinci divizion klubları Premyer Liqada iştirak üçün apelyasiya müraciəti etməyiblər.
Bu barədə apasport.az saytına AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.
Elitaya yüksəlmək üçün lisenziya ala bilməyən “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya apelyasiya şikayəti üçün 10 gün vaxt verilib. Hacıyev həmin müddətin dünən başa çatdığını və adıçəkilən komandalardan heç birinin müraciət ünvanlamadığını söyləyib.
Beləliklə, yeni mövsümdə Premyer Liqada 8 komandanın mübarizə aparacağı haqda çıxarılan qərarın dəyişməyəcəyi dəqiqləşib.
Qeyd edək ki, I divizion təmsilçilərinin Premyer Liqada iştirak üçün müraciətinə mayın 8-də baxan AFFA Lisenziyalaşdırma Komissiyası, xüsusən də, maliyyə sənədlərindəki çatışmazlığı əsas gətirərək, onlara lisenziya verməyib.