“Neftçi”nin baş məşqçi postuna maraqlandığı yeni namizəd bəlli olub.
Apasport.az saytının məlumatına görə, son çempion Premyer Liqanın cari mövsümündəki uğursuz çıxış səbəbindən Samir Abasovu daha təcrübəli mütəxəssislə əvəz etmək fikrindən daşınmayıb.
Bakılıların hədəfində öncə Zaur Əzizovun idman direktoru təyin olunmasından sonra Roman Qriqorçuk olsa da, uzun müddət “Qəbələ”də uğurla çalışan mütəxəssisin özünə yeni klub tapması “Neftçi” rəhbərliyinin planlarını pozub. Lakin paytaxt təmsilçisi “Çernomorets”in sükanı arxasına keçən ukraynalıya alternativ tapıb.

“Ağ-qaralar”ın yeni hədəfi də Ukraynadandır. Paytaxt klubunun rəhbərliyi Oleq Bloxini baş məşqçi postuna gətirməyi planlaşdırır.
Ukrayna millisi və Kiyev “Dinamo”sunun sabiq çalışdırıcısı zəngin karyeraya malikdir. Əsasən bu iki komandaya rəhbərlik etməsi ilə tanınan 70 yaşlı mütəxəssis karyerası ərzində “Olimpiakos”, PAOK, AEK, “İonikos” və “Moskva”nı da çalşdırıb.
Qeyd edək ki, Bloxin 2014-cü ildə “Dinamo”dan ayrılandan işsizdir.