“Futbolçularımın səhvini açıq şəkildə müzakirə etməyi və üzərlərinə getməyi xoşlamıram”.
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında səfərdəki ilk görüşdə (1:3) səhvlərə yol verən gürcüstanlı qapıçı Luka Quqeşaşvili ilə söhbətlər apardığını söyləyib: “Lukanın üstün cəhətlərindən biri soyuqqanlı olmasıdır. Bunlar texniki səhvlərdir, heç kim sığortalanmayıb. Avropada elə qapıçılar elə səhvlər edir ki, bağışlanılmazdır. Biz belə oyunlarda nadir hallarda iştirak etdiyimiz üçün qlobal məsələyə çevrildi. Təkcə bu oyunda yox, əvvəllər də Luka ilə söhbətlərim olub. Hər bir futbolçunun stabilliyi üçün bütün turnirlərdə iştirakı vacibdir. Bu səhvləri daha istəkli, yaxşı məşqlərlə aradan qaldırmaq olar. Futbolçularımız neçə illərdir təcrübə toplayıblar. Quqeşaşvilinin də buna ehtiyacı var. Ona çox irad bildirmədim, üzərinə getmədim. Söhbətimiz oldu, onu psixoloji cəhətdən sabahkı oyuna hazırlamağa çalışdım. Mən ona inanıram. O da fikir edir. Qələbədə pay sahibi olmaq istəyir. İnanıram ki, tezliklə səhvlər aradan qaldırılacaq. Qapıçı səhvi həmişə daha çox müzakirə olunur”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.