“İntizamlı, istəkli komandaya qarşı çıxış etdik. Oyun heç də asan olmadı".
Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XVII turunda “Keşlə” ilə səfərdə qolsuz bərabərə qaldıqları oyun barədə danışarkən deyib.
Təcrübəli çalışdırıcı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib: “Hələ ölkə kubokunda cavab oyunundan sonra demişdim ki, 6:0-lıq qələbəyə baxmayaraq, hesab bizi aldatmamalıdır. Bu komanda həmişə bizə qarşı çox ciddi hazırlaşıb. Mövsümün ilk dövrəsində də burada heç-heçə etmişdik. Bu gün ilk dəqiqələrdən hiss olunurdu ki, çox ciddi hazırlaşıblar. Həddən artıq kompakt, müdafiədə diqqətli oynadılar. Heyətdə xeyli dəyişiklik etsək də, daha yaxşı oynaya bilərdik. Bəzi futbolçular 90 dəqiqə oynamamışdılar, idman formalarında çatışmazlıqlar olduğu hiss edilirdi. İstənilən halda əziyyət çəkdilər, çox istəkli idilər. Rəqibi də nəzərə almaq lazımdır, bizə qarşı çox yaxşı hazırlaşmışdı. Yenə də 1 xal qazandıq. Bu oyun göstərdi ki, qarşıdakı matçlarda daha istəkli və ciddi olmalı, formamızı bir qədər də yaxşılaşdırmalıyıq”.
- Qapıçı Amin Ramazanov və zədədən qayıdan müdafiəçi Abbas Hüseynovun çıxışı sizi qane etdi?
- Amin perspektivli oyunçudur. Qış toplanışını da yaxşı keçirdi. Uğurlu çıxış etmək onun borcudur. Abbas üçün isə çətin idi. Çoxdan idi meydanda deyildi, öz formasında uzaq qalmışdı. Amma 90 dəqiqə meydanda sona qədər mübarizə apardı. Bəzi texniki çatışmazlıqlar fiziki hazırlıqla bağlı idi. Amma ümumilikdə ondan da razı qaldım.
- Emil Balayevin Qazaxıstan klubu “Turan”a keçəcəyi deyilir. Bu keçidin baş tutacağını gözləmək olar?
- Artıq deyirlər? Ola bilər, elə bir ehtimal var. Yəqin ki, sabah günorta saatlarında dəqiq bilinəcək, konkretləşəcək.
- Heyətdə 9 yerli futbolçu var idi və hamısı milli komanda üzvləri idi. Qarşıdakı matçlarda da belə heyət görəcəyik, yoxsa bu, sırf bugünkü matçla bağlı seçiminizdir?
- Özlərindən asılıdır. Həmişə bütün oyunçulara şərait yaratmağa çalışırıq. Özlərini yaxşı tərəfdən göstərsələr, niyə də oynamasınlar. Amma daha çox bir yerdə çıxış etməli, oyun təcrübəsi toplamalıdırlar. İdman formasında olmaq çox vacibdir. Qarşıdakı matçlarda da onların bir neçəsini heyətdə görə bilərik.