“Mahirə görə çox sevindim. “Dinamo” Xorvatiyanın ən titullu klubudur və ora onun üçün böyük tramplindir. İnanıram ki, “Dinamo”dakı uğurlu çıxışı sayəsində gələcəkdə daha böyük kluba keçəcək”.
Bunu apasport.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov yenicə Zaqreb “Dinamo”su ilə müqavilə imzalayan Mahir Emrelinin keçidinə münasibət bildirərkən deyib.
2015-ci ildə Xorvatiyada Split “Hayduk”unun formasını geyinmiş 31 yaşlı hücumçu həmkarının həmin ölkədə uğurlu çıxış edəcəyini düşünür: “Xorvatiyada futbol azarkeşləri ən yaxşılardandır. İnsanları istiqanlıdırlar, futbolla yaşayırlar. “Dinamo” çox sayda futbolçu yetişdirib top-klublara göndərən komandadır. Mahirə inanıram, düşünürəm ki, orada aparıcı oyunçuya çevriləcək. “Dinamo” ona inanmasaydı, müqavilə bağlamazdı”.
Hazırda karyerasını Belarus klubu “Slaviya”da davam etdirən Qurbanov “Dinamo” ilə Emrelinin keçmiş komandası “Legiya”nı da müqayisə edib: “Legiya” da yaxşı klubdur. Amma oradakı azarkeşlər çox aqressivdir. “Dinamo” isə fərqli tarixə malikdir. Xorvatiyada səni tənqid edə bilərlər, ancaq bundan artığı olmur. “Dinamo”nun prezidenti klubu və futbolçuları ilə daim maraqlanır. Üstəlik, zaqreblilər stabil olaraq hər il Çempionlar Liqası və ya Avropa Liqasında çıxış edir. Bunları “Legiya” üçün demək olmaz”.
Ruslan Qurbanov 25 yaşlı forvardın Xorvatiyadan daha böyük liqaya yollanacağını proqnozlaşdırıb: “Xorvatiyada, xüsusən də, “Hayduk”a qarşı oyunda gözəl atmosfer görəcək. Çünki Split klubu ilə matçlar hər zaman gərgin alınıb. Fikrimcə, Mahir düzgün seçim etdi. Tezliklə onu daha böyük çempionatda görəcəyik”.
Qeyd edək ki, Mahir Emreli “Dinamo” ilə 4,5 illik müqaviləyə qol çəkib.