RUSADA WADA-nın sanksiyaları ilə razılaşmayıb, məsələyə CAS baxacaq
19.12.2019 - 15:32
RUSADA WADA-nın sanksiyaları ilə razılaşmayıb, məsələyə CAS baxacaq

Rusiya Antidopinq Agentliyinin (RUSADA) Müşahidə Şurasının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, Moskvada baş tutan yığıncaqda Ümumdünya Antidopinq Agentliyinin (WADA) verdiyi cəza müzakirə olunub.

İclasda RUSADA-nın təsisçilər şurasına WADA-nın sanksiyaları ilə razılaşmamaq tövsiyə edilib. İş İsveçrənin Lozanna şəhərindəki İdman Arbitraj Məhkəməsinə (CAS) verilməlidir.

RUSADA qarşıdakı 10-15 gün ərzində WADA-ya İcraiyyə Komitəsinin sanksiyası ilə razılaşmadığını göndərəcək. WADA isə mübahisə ilə bağlı CAS-a məlumat verəcək.

Qeyd edək ki, WADA-nın İcraiyyə Komitəsi dekabrın 9-da çıxardığı qərarla Rusiya idmançılarını 4 il müddətində Olimpiya və Paralimpiya Oyunlarında, həmçinin dünya çempionatlarında milli bayraq altında iştirakına, ölkənin böyük beynəlxalq yarışlar təşkil etməsinə qadağa qoyub.