Rahid Əmirquliyev: “Rəhbərliklə görüşdən sonra hər şey aydın olacaq” - MÜSAHİBƏ
23.12.2019 - 15:23
Rahid Əmirquliyev: “Rəhbərliklə görüşdən sonra hər şey aydın olacaq” - MÜSAHİBƏ

"Səbail"in kapitanı Rahid Əmirquliyevin apasport.az saytına müsahibəsi

- "Səbail" qış fasiləsinə məğlubiyyətlə yollandı. "Zirə"ni kubokda keçə bilməməyinizi soyuq başla analiz etmisiz?
- Bəli, son oyunda da uduzduq və kubokdan əlimizi üzdük. Çempionatda vəziyyətimiz yaxşı deyil, son pillədəyik. Kubokda mərhələ adlamaq istəyirdik, yaxşı hazırlaşmışdıq, rəqibi yaxşı analiz etmişdik. Deməzdim ki, bu iki oyunda "Zirə"dən zəif çıxış etdik. Biz də mərhələni keçə bilərdik. Amma qismət belə imiş. Həmin oyunda baş hakim Rəhim Həsənovun böyük səhvi oldu, təmiz qolumuzu saymadı. Həmin qolu qeydə alsaydı, mərhələni keçən tərəf bəlkə də biz olardıq. 

- Elə həmin qərar haqda soruşmaq istəyirdim. Görüşün son dəqiqələri olduqca gərgin alındı. Adil Nağıyevin vurduğu qol hesaba alınsaydı, növbəti mərhələyə adlaya bilərdiniz. Rəhim Həsənovdan həmin epozidla bağlı fikrini öyrəndizmi?
- Onun qolumuzu nəyə görə saymadığını bilmirəm. Yəqin ki, buna görə AFFA-ya açıqlama verib. Amma bizə heç bir açıqlama verən olmadı. Halbuki təmiz, qaydalar çərçivəsində qol vurmuşduq. Özü də son saniyələr idi. Çox güman ki, mərhələni keçən tərəf də biz olacaqdıq. Amma nə etmək olar? Futbolda belə şeylər olur. Artıq bunu yaddan çıxarıb, gələcəyə ümidlə baxmaq lazımdır.

- Maraqlıdır ki, həmin  epizodda emosional reaksiya da vermədiniz... 
- Reaksiya vermədik? Əslində bunu etdik. Sadəcə bildik ki, baş hakim qərarını verib, qolumuzu saymayıb. Onsuz da qərarını dəyişən deyildi. Guya reaksiya versəydik nə olacaqdı ki? Amma deyim ki, Rəhim Həsənov "Səbail"i yarımfinaldan etdi.

- Matçdan sonra Rəhim Həsənova şəxsən nəsə dediz?
- Nəyə görə qolu hesaba almadığını soruşdum. Bildirdi ki, qayda pozuntusu var idi. Bilmirəm də hansı qayda pozuntusundan söhbət gedir. Bəlkə Azərbaycan futbolunda qaydalar başqa cürdür, Avropada başqa cür. Rəhim dedi ki, qayda pozuntusu var. Ona Kərim Benzemanın Çempionlar Liqasının finalında "Liverpul"a vurduğu qolu da misal gətirdim. Dedim ki, həmin epizodla bizim epizod oxşardır. O isə qeyd etdi ki, yox, o başqa şeydir. 

- "Səbail" çempionatın ilk yarısını sonuncu pillədə başa vurdu. Halbuki çempionata yaxşı başlamışdınız. Uğursuzluğu nə ilə əlaqələndirərdiz?
- Çempionata yaxşı başlamışdıq, davamını gətirə bilmədik. Əslində çox səbəb gətirmək olar. Maliyyə probleminin çox böyük təsiri olduğunu deməzdim. Çünki çempionat öncəsi onsuz da bizi məlumatlandırmışdılar ki, maaşlarda gecikmələr olacaq. Yəni hamımızın bundan xəbəri var idi və razılaşmışdıq. Burada böyük problem görmürəm. Sadəcə Avropa Liqasındakı çıxışımızdan sonra çox oyunçu komandanı tərk etdi. Komandada az oyunçu qaldı. Futbolda da elədir ki, rotasiya olmayanda çətinlik yaşanır. 

- Uzun müddətdir ki, komanda qalib gələ bilmir. Qələbəsiz oynamaq sizi futboldan küsdürmür ki?
- Hər komanda, hər futbolçu qələbə qazanmaq istəyir. Biz də uzun müddətdir ki, qələbə qazana bilmirik. Bu da komandaya psixoloji təsirini göstərdi. Bəlkə də hansısa oyunda qələbə qazansaydıq hər şey fərqli olardı, başqa motivasiya olardı. Yaxşı mübarizə apardığımız matçlar oldu, amma təəssüflər olsun ki, qələbə qazana bilmədik. Nə qədər üstün olduğumuzu oyunu uda bilmədik. Bəlkə də bir qələbə komandamızda inam yaradacaqdı. Təəssüflər olsun ki, həmin qələbəni qazana bilmədik.

- Uğursuz nəticələr olsa da, Aftandil Hacıyev postunda qalıb. Halbuki əksər vaxtlarda Azərbaycan klubları bir neçə həftə uğursuz nəticələr olan kimi baş məşqçini istefaya göndərir. Necə fikirləşirsiz, o, komandanı “qara zolaq”dan özü çıxara biləcək?
- Bu haqda nəsə deməyim düzgün olmaz. Ona görə ki, bu rəhbərliyə aid sualdır. Aftandil Hacıyevin özü ilə uğursuzluqdan çıxmaq olarmı sualına gəlincə, əlbəttə ki, olar, niyə də yox? O, həmin məşqçidir ki, ötən mövsüm "Səbail"i üçüncü etmişdi. Lakin mənim baş məşqçinin komandada qalması və ya getməsi haqda danışmağım düzgün deyil. Bu, rəhbərliyin səlahiyyətindədir. 

- Ağabala Ramazanovun komandanı tərk edib "Zirə"yə keçidinə necə şərh verərdiz?
- Komandamızdan nəyə görə ayrılması haqda xəbərim yoxdur. Yəqin ki, rəhbərliklə görüşü olub və razılıqla ayrılıb. O, həqiqətən də yaxşı futbolçudur.

- "Zirə" və "Keşlə" sizi heyətində görmək istəyir. "Səbail"i tərk etmək ehtimalınız var?
- Əslində, "Səbail"lə hələ altı aylıq müqaviləm qüvvədədir. Ona görə də rəhbərliklə hələ görüşməmişəm. Açıq deyim, real təklifim də yoxdur ki, sizə nəsə deyim. Rəhbərliklə görüşdən sonra hər şey aydın olacaq. Ona görə indi nəsə dəqiq bir şey deyə bilmərəm.