Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov 2019/20 mövsümünü başa vurub.
Apasport.az saytının məlumatına görə, 2-ci Bundesliqada çıxış edən “Aue”nin yarımmüdafiəçisi üçün arxada qalan mövsüm rekordlarla zəngin olub.
Öncə Regionalliqa və 3-cü liqada oynamış Dmitri 7-ci mövsümünü keçirdiyi 2-ci Bundesliqada ən yaxşı fərdi göstəricilərə imza atıb. O, çempionatda 32 oyunda 10 qol vurub. Əgər qol sayı futbolçunun ümumilikdə karyerası üçün rekorddursa, oyun sayı 2-ci Bundesliqada ən yaxşı göstəricisidir.
2016/17 mövsümünün qol (9), 2017/18 mövsümünün oyun (30) sayındakı rekordlarını hələ son tur ərəfəsində yeniləyən Nazarov dəqiqə baxımından da ən yaxşı göstəricinə imza atıb.
“Reqensburq”la görüşdə (2:1) meydandakı dəqiqələrinin sayını 2483-ə çatdıran yarımmüdafiəçi iki il əvvəlki (2478) göstəricisini 5 dəqiqə üstələyib. Yarımmüdafiəçi təkcə 2-ci Bundesliqa deyil, heç aşağı liqalarda da bu qədər şans qazanmayıb. O, həm də rekordunu təkrarlayaraq 30-cu dəfə start heyətində yer alıb. Futbolçu iki il öncə 2-ci Bundesliqada, 2012/13 mövsümündə 3-cü liqada eyni göstəriciyə imza atıb.
Qeyd edək ki, 2 dəfə sonradan meydana daxil olan və 20 dəfə özü əvəzlənən Dmitri çempionatda 5 sarı vərəqə ilə cəzalanıb. O, kubokdakı 2 matçda 168 dəqiqə iştirak edib.