Riad Rəfiyevin göstərişi: Özünüzə klub tapın, pul yoxdur
15.03.2022 - 13:33
Riad Rəfiyevin göstərişi: Özünüzə klub tapın, pul yoxdur

Uğursuz mövsüm keçirən “Sumqayıt” yayda heyətində ciddi dəyişikliklərə əl atacaq.

Apasport.az saytının əldə etdiyi məlumata görə, “gənclik şəhəri” təmsilçisi əksər aparıcı oyunçusu ilə yollarını ayıracaq.

Klub prezidenti Riad Rəfiyev futbolçularla görüşdə maaş limitində kiçilmə olacağını və yüksək məvacib alanların yola salınacağını bildirib. Bu mənada müqaviləsi mövsümün sonuna qədər olan Camaləddin Xocaniyazov, Əli Qurbani, Vüqar Mustafayev, Tellur Mütəllimov və Rəhim Sadıxovla yeni anlaşma imzalanmayacaq. Çünki rəhbərlik gələn mövsümdən oyunçulara aylıq maksimum 4000 manat maaş ödəməyi düşünür ki, bu məbləğ də adıçəkilən futbolçuları qane etmir.

Rəfiyev həmçinin sözləşməsi gələn ilin yayına qədər olan Höccət Haqverdini də sataraq həm gəlir əldə etmək, həm də onun maaşından qurtulmaq niyyətindədir.

Prezident yaranacaq boşluğu Ukrayna, Rusiya kimi ölkələrdə çıxış edən gənclərlə doldurmağı planlaşdırır. Belədə onlara yüksək maaş ödəmək məcburiyyəti də olmayacaq. Azərbaycan millisinin sabiq qapıçısı Andrey Popoviçin Ukraynadan qaytarılması da bu planın bir hissəsidir.