"Millimizin Avropa çempionatına vəsiqə qazanması normal haldır. Çünki seçmə mərhələdə qrupda yeganə rəqib İslandiya idi".
Apasport.az saytının məlumatına görə, bunu "Sivasspor"un baş məşqçisi Rıza Çalımbay deyib.
Yerli mətbuata müsahibə verən 57 yaşlı mütəxəssis Türkiyə yığmasının AVRO-2020-dəki şanslarını dəyərləndirib. O, "ay-ulduzlular"ın taleyinə Bakıda aydınlıq gələcəyini vurğulayıb: "Avropa çempionatı futbolçular üçün önəmli səhnədir. Xüsusən də, gənclər üçün yaxşı şans olacağını düşünürəm. Əsas odur ki, açılış oyununda İtaliyaya uduzmayaq. İtaliya da gənc komandadır, sürətli hücumlara çıxır. Həmin görüşdən istədiyimiz nəticə ilə ayrıla bilsək, qrupdan çıxarıq. Təbii ki, qrupdakı son iki qarşılaşma bizim üçün həlledici olacaq".
Qeyd edək ki, A qrupunda yer alan Türkiyə yığması iyunun 12-də Romada İtaliya ilə qarşılaşacaqsa, həmin ayın 17-də Uels, 21-də isə İsveçrə ilə Bakıda üz-üzə gələcək.
Rıza Çalımbay Bakıdakı matçları həlledici sayır
16.01.2020 - 14:49
0
0