Ronaldo & Messi: Argentinalı 29 top az vursa da...
20.11.2019 - 09:30
Ronaldo & Messi: Argentinalı 29 top az vursa da...

Portuqaliya yığmasının heyətində AVRO-2020-nin seçmə mərhələsinin son oyunlarında məhsuldarlığı ilə diqqət çəkən kapitan Kriştianu Ronaldo millidə qollarının sayını 99-a çatdırıb.

Apasport.az saytının məlumatına görə, "Yuventus"un forvardı yaşıl meydanlarda ən böyük rəqibi olan argentinalı Lionel Messini milli formada 29 top üstələyir.

Ancaq bu məsələ ilə bağlı maraqlı iddialar ortaya atılıb. Bəzi futbol mütəxəssisləri Ronaldonun daha zəif komandalarla oyunlarda özünü göstərdiyini düşünür. 4 dəfə dünya çempionatında iştirak edən 34 yaşlı superulduz final mərhələlərində ümumilikdə 7 qola imza atıb. Üstəlik, bunların hamısı qrup matçlarında qeydə alınıb.

Mundiallarda çempionluqlar qazanmış komandalara (Braziliya, İtaliya, Almaniya, Uruqvay, İngiltərə, Argentina, Fransa, İspaniya) qarşı 24 görüşdə meydana çıxan Ronaldo cəmi 4 qol vurub. Bunlardan 3-nü dünya çempionatında İspaniya, 1-ni isə yoldaşlıq görüşündə Argentinanın qapısından keçirib.

Ronaldonun ən böyük rəqibi Messi isə Arentina yığmasında 70 dəfə rəqib qapılarına yol tapıb. "Barselona"nın 32 yaşlı oyunçusu bu qolların 57-ni (82%-ni) FIFA reytinqində ilk 50 sırada yer alan komandalara vurub.

Kriştianu Ronaldonun yığmada qol vurduğu komandalar: Litva - 7 qol; Andorra, Ermənistan, Latviya, Lüksemburq, İsveç - 5; Estoniya, Farer adaları, Macarıstan, Hollandiya - 4; Belçika, Danimarka, Şimali İrlandiya, Rusiya, İspaniya, İsveçrə - 3; Azərbaycan, Bosniya və Herseqovina, Kamerun, Kipr, Çexiya, Misir, Qazaxıstan, Səudiyyə Ərəbistanı - 2; Argentina, Xorvatiya, Ekvador, Finlandiya, Qana, Yunanıstan, İslandiya, İran, Mərakeş, Yeni Zelandiya, Şimali Koreya, Panama, Polşa, Serbiya, Slovakiya, Ukrayna, Uels - 1.

Lionel Messinin yığmada qol vurduğu komandalar: Braziliya, Paraqvay, Uruqvay - 5 qol; Venesuela, Ekvador - 4; Kolumbiya, Çili, İsveçrə, Boliviya, Nigeriya, Meksika, Panama, Haiti, Qvatemala - 3; İspaniya, Xorvatiya, Əlcəzair, Honq-Konq, Nikaraqua - 2; Fransa, Almaniya, Portuqaliya, Peru, İran, ABŞ, Sloveniya, Albaniya, Bosniya və Herseqovina, Serbiya - 1.