“Keşlə”nin futbolçusu Rəşad Sadiqov Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qarabağ”la oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi qarşılaşma və yarımfinal şansları barədə danışıb.
- “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduğunuz matç necə keçdi?
- Oyun bizim üçün ağır oldu. Çünki “Qarabağ” neçə illərdir çempiondur. Fikirlərim şablon səslənməsin, amma rəqib güclü və oturuşmuş komandadır. Bizim üçün də süni meydandan təbii ot örtüyünə keçmək ağır olur. Özümüz də bunu hiss edirik. Artıq ikinci dəfədir Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a qarşı oynayırıq. Uşaqların ayağı yara ilə doludur. Bir Bakı Olimpiya Stadionunda, “Dalğa Arena”da məşq edirdik, bizə rahat olurdu. İndi isə sırf məşqləri məcburiyyətdən süni ot örtüklü meydanda edirik. Bu da bizə ağır gəlir. Oyuna gəlincə, səfərdə 0:1 hesabı ilə uduzduq. Növbəti qarşılaşma evdə olacaq. Çalışacağıq ki, yaxşı oynayaq və çətin olsa da mərhələni adlayaq.
- Cavab oyununda qollu bərabərlik də sizə kömək olmayacaq. Qalib gəlmək üçün nə etmək lazımdır?
- Sadəcə qol vurmaq lazımdır. Birmənalı olaraq bərabərlik bizə sərf etmir. İstər qollu olsun, istərsə də qolsuz. Rəqibi ancaq məğlub etməliyik. O da asan olmayacaq. Bunu hamımız bilirik. Başa düşürük ki, “Qarabağ” yorğundur, psixoloji durumları da pisdir. Çalışacağıq ki, öhdəsindən gələk.
- Əsas heyətdən 2 müdafiəçinizin bu gün meydanda olmaması sizin üçün hansı çətinlik yaradır?
- Ehtiyat oyunçular skamyamız kasaddır. Komandaya sırf kömək edə biləcək oyunçular azdır. Bunu biz də, rəhbərlik də bilir. İndi qış fasiləsini gözləyirik. Yəqin ki, komandamız gücləndirirlər. Buraya qədər gücümüz çatır. Müdafiəçilərin olmamasına səbəb isə birinin zədələnməsi, digərinin qırmızı vərəqəyə görə cəzalı durumda olmasıdır. Onların da komandaya böyük köməyi olurdu.
- “Qarabağ”a qarşı yaxşı oyunlar keçirməyiniz sizi motivasiya edirmi?
- Qarşılaşmalar göstərir ki, ölkə çempionatında hər bir komandaya qarşı oynamaq olar. Açıq danışsaq, “Qarabağ” heyətinə görə bütün rəqibləri üstələyir. Sadəcə motivasiya olandan sonra bütün rəqiblərə qarşı mübarizə aparmaq olur.
- Potensial rəqiblərinizin oyununda “Sumqayıt” “Neftçi”ni məğlub etdi.
- Çempionatın ən yaxşı formada olan 4 komandasının dördü də kubokda eyni yoldadır. Bu necə püşkdür, baş açmıram. Məsələn, “Real” və “Barselona”nı kubokda ayrı-ayrı yollara qoyurlar. Yəqin bizdə 8 komandanın hamısı bir tərəfdə olub. 4-ü isə bunlardan ayrı düşüb. Hamı istəyər ki, kubokun finalında “Real” “Barselona” ilə, “Qalatasaray” “Fənərbaxça” ilə görüşsün. Bizdə də “Qarabağ”la “Neftçi”ni həlledici oyunda görmək istəyirlər. Yarımfinalda biri çıxacağından, gözlənilən final olmayacaq. Məncə, püşkü reytinqə görə atmaq lazımdır.
- Çempionatın səviyyəsi haqqında nə düşünürsünüz?
- Bu barədə danışırıq və bu artıq şablon olub. 8 komandalı çempionatdır, futbolçulara da çətinlik yaradır. Bir mövsümdə bir komanda ilə 4 dəfə görüşürsən, üstəgəl kubokda da oynayırsan və 6 qarşılaşma edir. Bu da istər-istəməz oyunçu üçün bezdirici gəlir. Əvvəl 16-18 komandalı çempionatda çıxış etmişik. Mənim özüm 1999-2000-ci dən yüksək liqada oynayıram. Həmişə 16, 18 komanda olub. 12 komanda da olsa, “altılıq” sistemi ilə mübarizə aparmışıq. Oyun sayı da çox olub. İndi 28 oyuna çıxırıq və heç bir yerdə belə bir şey yoxdur ki, 28 oyuna çempionat bitsin. Ən azından 30-dan çox oyun olmalıdır. Bu da milliyə, klublarımızın avrokuboklardakı nəticəsinə təsir edir.
- Hakimlə mübahisə barədə nə deyə bilərsiniz?
- Düzdür, rəqibi vurmuşdum. Hakimə dedim ki, mənə sarı vərəqə verə bilərsiz. Sadəcə top meydandan çıxmışdı. Dedim ki, heç olmasa autu ver, sonra sarını göstər.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı