Rəşad Sadıqov: “Qurban Qurbanov bütün dünyaya ədalət dərsi keçdi”
28.02.2022 - 19:51
Rəşad Sadıqov: “Qurban Qurbanov bütün dünyaya ədalət dərsi keçdi”

“Qurban müəllim yeni nəslin hocasıdır, müəllimidir, örnəyidir”.

Apasport.az saytının məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə cavab görüşündə vurduğu qolun Qurban Qurbanovun müdaxiləsindən sonra ləğv edilməsinə münasibət bildirərkən deyib.

Sadıqov uzun illər Ağdam klubunda rəhbərliyi altında çıxış etdiyi Qurbanovun feyr-pley nümayiş etdirməsini onun xarakteri ilə əlaqələndirib: “Çox adam onu, iş fəlsəfəsini, metodikasını özünə örnək götürür. “Marsel”lə matçda da hamımıza müəllimlik elədi, dərs keçdi. Özündən sonrakı nəslə böyük miras qoydu. Göstərdi ki, nəyin bahasına olursa-olsun qələbə qazanmaq yox, ədalətli şəkildə bunu etmək lazımdır. Onun bu qərarının niyə birmənalı qarşılanmadığını bilirəm. Çünki “Qarabağ”a qarşı da haqsızlıqlar olmuşdu. Bu baxımdan bizim də məsələyə müdaxilə etməyib, eyni reaksiyanı verməyimizi gözləyirdilər”.

“Qarabağ”ın qrup mərhələsində “Bazel”lə görüşdə təmiz qolunun sayılmamasını xatırladan Rəşad Sadıqov həmkarının addımını alqışladığını söyləyib: “Bazel”lə görüşdə rəqibin bütün futbolçuları topun qapıdan bir metr keçdiyini görmüşdü. Amma biri də hakimə bildirməmişdi. Bizim də onlardan fərqimiz budur, bütün dünyaya ədalət dərsi keçdik. Reaksiyaları özünüz də görürsünüz. Məncə, düzgün atılan addım idi. Hər insan bunu etməzdi, mümkün deyil. İnanmıram ki, futbol dünyasında ikinci bir şəxs belə hərəkət edərdi. Çox vacib məqam idi, qol sayılsaydı, “Qarabağ” sərfəli nəticə də əldə edə bilərdi. Bu, başqa bir miras, bütün dünyaya böyük ədalət dərsi oldu. Buna görə də, Qurban müəllimə bir daha təşəkkür edirik”.

Qeyd edək ki, “Qarabağ”ın Tofiq Bəhramov adına Respublika Stadionunda “Marsel”ə 0:3 hesabı ilə uduzduğu görüşün ilk hissəsində İbrahima Vadji qonaqların qapısına əllə qol vurub. Hakimin kobud səhvi üzündən top hesaba alınıb. Lakin baş məşqçi Qurban Qurbanov hücumçu ilə söhbətləşdikdən sonra referiyə qolun əllə vurulduğunu deyib və nəticədə həmin top hesaba alınmayıb. İlk oyunda da rəqibinə 1:3 hesabı ilə uduzan “Qarabağ” avrokuboklarda mübarizəni dayandırıb.