Rəşad Sadıqova iki yeni şərik - ADLAR
28.01.2022 - 10:46
Rəşad Sadıqova iki yeni şərik - ADLAR

Milli komandaların heyətində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklər olub.

Apasport.az saytının məlumatına görə, buna DÇ-2022-nin seçmə mərhələsinin növbəti oyunları səbəb olub.

100 və daha çox görüşə çıxanların siyahısında yer alan yeganə Azərbaycan təmsilçisi Rəşad Sadıqovun mövqeyində dəyişiklik olmayıb. Lakin millimizdə 111 matça çıxan sabiq kapitana 2 yeni şərik çıxıb.

Bunlar Uruqvay millisinin üzvü Martin Kaseres və İraq yığmasının oyunçusu Əhməd İbrahimdir. Onların hər ikisi 111-ci dəfə milli forma geyinib.

Rəşad sıralamada 309-323-cü yerləri bölüşən oyunçular arasındadır. Rəşad kimi daha 14 futbolçu 111 dəfə milli forma geyinib.

Həmyerlimizin şərikləri Martin Kaseres (Uruqvay), Əhməd İbrahim (İraq), Qodfri Çitalu (Zambiya), Teresil Danqda (Tailand), Hatem Agel (İordaniya), Camal Busuttil (Malta), Abdul Kadir (İndoneziya), Andrey Şevçenko (Ukrayna), Karlos Valderamma (Kolumbiya), Rikardo Qardner (Yamayka), İqor Akinfeyev (Rusiya), Mehdi Kərim (İraq), Emilio İzaquirre (Honduras) və İvan Perşiçdir (Xorvatiya).

Qeyd edək ki, cədvəldə yığmada 100 və daha çox oyun keçirən 584 futbolçu yer alıb. İlk pillədə Malayziya millisində 219 matç keçirən So Çin Andır.