Rəşadın “Sevilya” müəmması: Kapitan yenə kənarda qaldı
28.11.2019 - 23:25
Rəşadın “Sevilya” müəmması: Kapitan yenə kənarda qaldı

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, İspaniyadakı görüşdən az əvvəl komandaların heyətləri açıqlanıb.

Diqqətçəkən məqam odur ki, Azərbaycan çempionunun kapitanı Rəşad Sadıqov “11-lik”dən kənar qalıb. 37 yaşlı müdafiəçi cari mövsüm avrokubok oyunlarında ikinci dəfədir heyətə düşmür.

Maraqlıdır ki, təcrübəli futbolçu “Qarabağ”ın bu il avrokuboklarda keçirdiyi 12 matçın 11-də start heyətində yer alıb və görüşləri əvəzolunmadan keçirib. Rəşadın şans qazanmadığı yeganə oyun isə elə “Sevilya” ilə Bakıdakı görüş olub.

Komandasının lideri olan 37 yaşlı müdafiəçinin Ağdam klubunun cari mövsüm qarşılaşdığı ən güclü klubla hər iki matçda kənarda qalması təsadüfi ola bilməz. Görünür, baş məşqçi Qurban Qurbanovun “Sevilya” ilə görüşlər üçün planında kapitana yer olmayıb.