Azərbaycan milli komandası bu gün açıqlanan FİFA reytinqində 114-cü pillədə yer alıb.
Apasport.az saytının məlumatına görə, yığmamız ardıcıl 4-cü dəfə bu mövqedə qalıb.
2019-cu ilin noyabr reytinqində 114-cü sıraya enən komandamız dekabrda, həmçinin bu ilin fevralında da eyni pillədə yer alıb. Artıq 5 aydır mövqeyi toxunulmaz olan milli daha iki ay bu sırada qalacaq. Çünki FİFA növbəti cədvəli iyunun 11-də açıqlayacaq.
Bu da o deməkdir ki, yığmamız ən azı 7 ay eyni pillədə qalacaq. Bu da komandanın tarixində ən uzun sabitlik rekordudur.
İndiyədək belə rekord 6 ayı əhatə edirdi. Millimiz 2005-ci ilin martında ələ keçirdiyi 116-cı pilləni yalnız sentyabrda tərk edərək 2 addım irəliləmişdi.