“Boka Xuniors”un yarımmüdafiəçisi Eduardo Salvio polis tərəfindən axtarışa verilib.
Apasport.az saytının məlumatına görə, futbolçu keçmiş həyat yoldaşını avtomobillə vuraraq hadisə yerindən qaçmaqda ittiham olunur.
Hadisənin dünən gecə saatlarında baş verdiyi bildirilir. Salvionun keçmiş xanımı onu maşında başqa qadınla yaxalayıb. Qadın söhbət etmək üçün avtomobilin pəncərəsini döysə də, 32 yaşlı oyunçu şüşəni aşağı salmayıb. Qadın maşının qarşısında dayanıb. Buna qəzəblənən Argentina millisinin sabiq üzvü avtomobili sürətlə onun üzərinə sürüb.
Nəticədə qadın xəsarət alaraq xəstəxanaya çatdırılıb. O, dizindən aldığı zədə səbəbindən sağ ayağını bükə bilmir. Salvio isə axtarışdadır. Polis onun harada olduğunu hələ öyrənə bilməyib.
Qeyd edək ki, Eduardo karyerası ərzində “Atletiko” və “Benfika” kimi klublarda da çıxış edib.