Slavik Alxasov: “Kapitanı kimi başqa təkliflərə önəm vermirəm” - MÜSAHİBƏ
25.01.2020 - 10:44
Slavik Alxasov: “Kapitanı kimi başqa təkliflərə önəm vermirəm” - MÜSAHİBƏ

“Keşlə”nin kapitanı Slavik Alxasovun apasport.az saytına müsahibəsi

- “Keşlə” Antalya toplanışını başa vurdu. Komandanı çempionata hazır hesab etmək olar?
- Toplanışımız yüksək səviyyədə getdi. Son matçda da gücümüzü yoxlayıb, hazırlığa yekun vurduq. Ağır məşqlərimiz oldu. Bütün bu prosesləri var gücümüzlə etdik. 

- Yoxlama görüşündə “Arsenal”a məğlub oldunuz. “Zemplin”lə oyundan isə bərabərliklə ayrıldınız. Həmin iki görüş haqda nə deyəcəksiniz?
- “Arsenal” Rusiya Premyer Liqasında altıncı pillədə qərarlaşan komandadır. Yetərincə güclü heyətə malikdirlər, biz onlara qarşı yaxşı oyun keçirdik. Hətta qol vurduq, sadəcə hakim qolumuzu qeydə almadı. Buna baxmayaraq, birinci fərqlənməyi də bacardıq. Uduzsaq da, onlara qarşı yaxşı oyun sərgilədik. “Zemplin”lə görüş da yaxşı alındı. Rəqibimiz də yaxşı komanda idi. Hesabı aça bilmişdik, amma sonda bərabərlik oldu. Hər halda, yoxlama görüşü idi.

- “Arsenal” yayda avrokuboklarda “Neftçi”yə uduzmuşu. Həmin oyunu izləmişdiniz? Necə düşünürsünüz, yaydakı “Arsenal” güclü idi, yoxsa sizə qarşı oynayan komanda?
- Bəli, həmin oyunları xatırlayıram. “Neftçi” “Arsenal”a qarşı çox güclü oyun nümayiş etdirmişdi. İndiki “Arsenal”la “Neftçi”yə qarşı oynayan komanda arasında fərqi mən deyə bilmərəm. Hər hansısa klub həmişə yüksək tempdə oynaya bilmir. İstər güclü, istərsə də zəif komanda olsun, bu belədir.

- Komandanızın hansı oyunda daha yaxşı oynadığını düşünürsünüz?
- İlk oyuna ağır məşq proqramlarından sonra çıxmışdıq. Deyərdim ki, “Arsenal”la oyunumuz ürəyimcə oldu. “Zemplin”ə qarşı da pis çıxış etmədik. Meydanda bir-birimizi çox yaxşı başa düşürük. Bu da sevindirici haldır.

- “Keşlə”nin yeni transferləri – Şaxruk Qadoyev və Aleksandre Kriştavao haqda hansı fikirdəsiniz?
- Qadoyev Özbəkistan millisinin üzvüdür. Sürətli, yaxşı ötürmələri var. Aleks də mübariz hücumçudur. İnanıram ki, hər ikisi komandaya xeyirli olacaq.

- “Keşlə” çempionatın ilk yarısını turnir cədvəlinin üçüncü pilləsində başa vura bildi. Qışdan sonra komanda bu pillədə yerini qoruyub-saxlaya biləcək, yoxsa daha çətin olacağını düşünürsünüz?
- Bilirəm ki, bütün komandalar heyət baxımından gücləniblər. Bizim üçün də bu çempionatda rahat oyun yoxdur. İlk dövrədəki oyunlarda da bunu gördük. İlk “üçlük”də qalıb Avropa Liqasına vəsiqə qazanmaq üçün oynayacağıq.

- Ölkə çempionatında mübarizə aparan digər komandaların da transfer bazarında aktiv olduğunu demək olmaz. Sizin diqqətinizi çəkən transfer hansı idi?
- Mənim üçün öz komandamız maraqlıdır. Əsas fikrimizi qarşıdakı oyunlara yönəltmişik. Ona görə fərq etməz, kim necə, hansı transferi edib.

- Sizin özünüzə necə, təkliflər var idimi? 
- Fikrim 100 faiz “Keşlə”dədir. Həm də komandanın kapitanı kimi başqa təkliflərə önəm vermirəm. Klubla yaya qədər müqaviləm var, heç bir təklif barədə düşünmürəm. Mən tərəfdən komanda yoldaşlarıma və rəhbərliyə, məşqçilərə qarşı hörmətsizlik olar. Ona görə bütün fikrim ikinci dövrədəki oyunlara yönəlib. Əsas odur ki, məqsədimizə çataq. Yayda necə olacağını isə bilmirəm.