Tualet təmizləyən, məktəbdən qovulan yaramaz uşaq - "Ulduzlar"
24.12.2019 - 09:29
Tualet təmizləyən, məktəbdən qovulan yaramaz uşaq - "Ulduzlar"

"Mançester Siti"nin ulduz futbolçusu Rahim Sterlinq kənardan intizamsız, ipə-sapa yatmayan xasiyyətdə görünür. "Liverpul"da möhkəmlənə bilməsə də, "şəhərlilər"in heyətində xariqələr yaratmağı bacardı, İngiltərə millisinin aparıcı üzvünə çevrildi.

Ancaq 25 yaşlı hücumçu nəinki futbolçu olmaq, hətta həyatda qalmaq üçün az maneələr dəf etməyib. Apasport.az saytının "Ulduzlar" rubrikasının budəfəki qəhrəmanı olan Sterlinqin həyatını yaxşısı budur, öz dilindən eşidək...

Uşaqları anaları ilə birlikdə görəndə qısqanırdım
İki yaşım olanda atam öldürüldü. Bu hadisə bütün həyatımı yönləndirdi. Qısa müddət sonra anam məni və bacımı Yamaykada qoyub, İngiltərəyə getdi. Oxuyub, diplom almaq və bizə daha yaxşı həyat bəxş etmək istəyirdi. Bir neçə il Kinqstonda nənəmlə birgə yaşadıq. Digər uşaqları anaları ilə birlikdə görəndə çox qısqanırdım. Anamın bizim üçün nə etdiyini tam başa düşmürdüm. Sadəcə, getdiyini və yanımızda olmağını bilirdim. Nənəm inanılmaz insan idi, amma o yaşlarda hər kəs anasını yanında görmək istəyir.

Tanrıya şükürlər olsun ki, futbol həyatımda idi. Yağış yağanda bütün uşaqlar çölə çıxıb, suyun altında futbol oynayardı. Yamaykadakı günlərimi xatırlayanda ağlıma ilk bunlar gəlir. Yağış yağanda heç kim evində gizlənməzdi. Çölə çıxıb, bundan həzz alırdıq. Xatırladığım digər şey isə babamdan üzümlü dondurma üçün pul istəməkdi. Hər kəs üzümlü dondurmanın dadına mütləq baxmalıdır. Hansı ləzzəti qaçırdığınızı bilmirsiniz. Nədənsə, İngiltərədə bunu heç görmədim. Evinin yanında kiçik market işlədən bir nəfər var idi. Bütün günü küçədə futbol oynadıqdan sonra onun qapısını döyərdik. O da hər dəfə başını kiçik pəncərədən çıxarıb, nə istədiyimizi soruşardı.

Səhər 5-də otel tualetlərini təmizlədiyimi unutmaram
Yamaykada insanlar istiqanlıdır və şərtlər nə olursa-olsun, bacardıqları işi görürlər. 5 yaşımda anamla birlikdə qalmaq üçün Londona köçdük. Fərqli mədəniyyətin olması, öyrəşdiyim mühiti görməməyim və pulumuzun az olması səbəbindən çətin günlər keçirdim. Anam bütün ehtiyacımızı qarşılayırdı, amma imkanları daxilində. Təhsilinin pulunu ödəyə bilmək üçün otellərdə xadimə işləyirdi. Məktəbə getməzdən əvvəl səhər saat 5-də oyanıb, Stonebricdə anamla birlikdə otel tualetlərini təmizlədiyimi heç vaxt unutmaram. Hətta bacımla da buna görə tez-tez mübahisə edir, bir-birimizə "bu dəfə növbə sənindir" deyirdik. İşin sevindirici tərəfi sonda anamın "yemək aparatın"dan istədiyimiz şeyi alması idi. Hər dəfə "bounty" seçirdim.

Bir-birimizə bağlı ailə idik. Belə olmaq məcburiyyətindəydik. Çünki bu həyatda sahib olduğumuz yeganə şey bir-birimiz idik. Evdə həmişə nəyisə qırırdım ki, anam çölə çıxmağıma icazə versin. Hər dəfə deyirdi ki, çıx, amma evi tərk etmə. Zarafatlarla fikirlərini beynimə yeridirdi ki, başqa şey barədə düşünməyim. Amma geri boylanıb baxanda qismən də olsa, özümü pis hiss edirəm. Çünki birinci sinfə gedəndə çox dəcəl idim. Yəqin ki, anamı dəli edirdim. Çox da pis uşaq deyildim, amma ona qulaq asmırdım. Üstəlik, müəllimlərimin sözlərinə fikir vermirdim. Dərslərlə aram yox idi. Tənəffüs xəyalları quraraq saata baxırdım. Bir az yemək yeyib çölə çıxmaq, Ronaldinyo kimi palçıqda qaçmaq kimi şeylər arzulayırdım.

Anam məni "Arsenal"a getmək fikrindən daşındırdı
O qədər dəcəl idim ki, məni məktəbdən qovdular. Əslində, tam olaraq belə deyildi. Daha çox ünsiyyətə, sevgiyə ehtiyacım olduğunu anama dedilər. Məni 6 şagirdin və 3 müəllimin olduğu bir sinfə yazdırdılar. Artıq qaçmağa imkan yox idi. Ən pisi isə bizi evdən götürən və evə qaytaran bir servisin olması idi. Bir gün servisdə olarkən pəncərədən çölə baxdım və uşaqların gəzərək gülə-gülə məktəbə getdiklərini gördüm. Bu mənə çox pis təsir etmişdi. Çünki mən də belə etmək, hamı kimi olmaq istəyirdim. Əslində ciddi problemim yox idi, sadəcə, həyatım çox sakit keçirdi. Anamdan başqa heç kimə qulaq asmağı xoşlamırdım. Problemim bu idi. Hərəkətlərimi düzəltdim və bir ildən sonra yenidən əsl məktəbə döndüm. Həyatımın dəyişdiyi an isə Kliv Ellinqtonla tanış olmağım idi. Kliv məhləmizdə atası olmayan uşaqlarla ünsiyyət qurur, onlara məsləhətlər verirdi. Bizi hərdən London gəzintisinə çıxararaq, həyatın fərqli üzünü göstərirdi. Bilyard və bu kimi standartdan kənar oyunlar oynayardıq.

Ellinqton bizə böyük önəm verirdi. Bir gün yanımda əyləşib soruşdu ki, nə etmək istəyirsən? Çox sadə sual deyilmi? Amma heç vaxt bu şəkildə düşünməmişdim. Həmin vaxtlar küçələrdə futbol oynayırdım, dostlarımla velosiped sürürdüm. "Futbol oynamağı sevirəm" demişdim. O da bildirdi ki, kiçik "Bazar Liqası" komandamız var, bizə qoşul. Həyatımı dəyişdirən an bu idi. O gündən sonra düşündüyüm tək şey futbol oldu. Bir növ "xəstəlik" halına gəlmişdi. 10-11 yaşlarımda Londonun böyük klubları tərəfindən izlənilməyə başlamışdım. "Fulhem" və "Arsenal"dan dəvət almışdım. "Arsenal"dan təklif almısınızsa, oraya getməyi düşünməlisiniz. Axı Londonun ən böyük klubudur. Buna görə də, dostlarıma "Arsenal"a gedəcəyimi dedim. Amma anam əsl döyüşçü idi. Bu dünyada həyatda qalmağın yollarını bilirdi. O, həyatımın ən böyük müəllimidir. Bir gün qarşıma keçib bunları dedi: "Canım, səni sevirəm. Amma məncə, "Arsenal"a keçməyin doğru deyil". Şoka düşmüşdüm. Sonra belə davam etdi: "Orada, bəlkə də, səninlə eyni gücdə 50 nəfər olacaq. Yalnız hansısa sayı tamamlayacaqsan. Oynayıb, özünü inkişaf etdirə biləcəyin yerə getməlisən".

Bacımın mənim üçün necə fədakarlıq etdiyini dərk etmirdim
Anam məni "Kuinz Park Reyncers"ə (KPR) keçməyə razı salmışdı və bu, həyatımın ən doğru qərarı idi. KPR-də səhv etməyimə və yoxa çıxmağıma imkan vermədilər. Ancaq ailəm üçün çox çətin dönəmlər idi. Anam məşqlərə tək getməyimə icazə vermirdi. Özü işlədiyindən, məşqlərə bacımla gedirdim. 3 avtobus dəyişirdik. 18 nömrədən 182-yə, oradan isə 140 nömrəyə minirdik. 80-ci illərdən qalmış avtobuslar... Həmin mavi rəngli oturacaqlarda illərim keçdi. Saat 15:15-də məşqdən çıxır, gecə 11-də evə çatırdıq. Bu, hər gün belə idi. Bacım yaxınlıqdakı bir kafedə oturub məşqimin bitməsini gözləyirdi. 17 yaşlı bir qızın kiçik qardaşı üçün bu fədakarlığı etdiyini düşünün. Bir dəfə də olsun "mən aparmıram" demədi. Həmin vaxtlar bacımın necə fədakarlıq etdiyini dərk etmirdim. Onun və anamın sayəsində indi bu pillədəyəm. Ailəm həyatımın ən böyük varlığıdır.

Ən çılğını nədir, bilirsiniz? Xəyalımın kölgəsində böyüdüm. Yeni "Uembli"nin böyüməsini baxçamdan izlədim. Evlərin yanında bir dağ kimi yüksəlirdi. Evimizin yanındakı meydançada qol vurub bunun sevincini yaşayanda özümü "Uembli"də hiss edirdim. Həmişə öz-özümə deyirdim ki, orada oynaya bilərəm, bunu bacararam. Düzdür, mənə inanmayanlar var idi. Dürüst olmaq lazımdırsa, 14 yaşımda da dəcəllik barədə düşünürdüm, dərslərə qulaq asmırdım. Müəllimlərimdən biri gəlib mənə bunları demişdi: Rahim, problemin nədir? Futbolun, həqiqətən də, səni gələcəkdə xilas edəcəyinə inanırsan? Amma neçə milyon uşaq da sənin kimi, futbolçu olmaq arzusundadır. Səni digərlərindən fərqləndirən özəllik nədir?" Onun bu sözləri beynimə "işləmişdi". Ürəyimdə ona belə cavab vermişdim: "Mənim özəlliyim nələrdir? Görəcəksiniz".

Cəmi 2 ay sonra İngiltərənin U-16 yığmasına çağırıldım və Şimali İrlandiya ilə görüşdə 2 qol vurdum. Oyun televiziyadan da canlı göstərilmişdi. Mənim üçün xüsusi gün idi. Bazar ertəsi günü məktəbə gedəndə həmin müəllim bir anda mənim dünyadakı ən yaxşı dostuma çevrildi. Çox gülməli idi.

Kirayə pulunu verə bilmədiyimiz üçün tez-tez ev dəyişdirirdik
Mənim üçün əsl qırılma anı 15 yaşımda gerçəkləşdi. "Liverpul"dan təklif gəlmişdi, ancaq evdən 3 saat uzaqlıqda idi. Anamı qarşıma alıb oraya getmək istədiyimi dediyim yadıma gəlir. Məhləmdəki bütün uşaqları çox istəyirəm. Onlar hələ də mənim ən yaxın dostlarımdır. Ancaq həmin dönəm ətrafımızda xuliqanlıq, bıçaqlanma hadisələri çox idi. Oradan uzaqlaşmaq və yalnız futbola köklənmək üçün "Liverpul"un böyük şans olduğunu düşündüm. İçimdən belə bir hiss keçmişdi: "Anam, bacım bu səviyyəyə gəlməyim üçün hər cür fədakarlığı edib. Artıq özümü göstərməliyəm".
İki il ruh kimi idim. İstirahət günümüz olanda anamı görmək üçün qatarla Londona gedib, yenidən Liverpula qayıdırdım. Dünya ilə əlaqəm tamam qopmuşdu. Özümü yalnız futbola kökləmişdim. Klub qalmağım üçün qoca cütlüyün yaşadığı evi təşkil etmişdi. İkisi də 70-ə yaxın yaşda idi və mənə qarşı öz nəvələri kimi davranırdılar. Hər səhər aşağı düşəndə mənim üçün hazırlanmış sendviç görürdüm. Həqiqətən də, inanılmazdır. Evin əla arxa baxçası var idi. Bütün o ağaclar, çiçəklər... Sanki fərqli dünya idi. Anam da hər səhər zəng vurar, "Rahim, bu gün dualarını etdin, yuxudan durandan sonra Tanrıya şükür etdinmi?" - deyə soruşardı.

Bəlkə də, həyatımın ən önəmli anları idi. Hədəfim yaxşı müqaviləyə qol çəkmək idi. Belədə anam və bacımın heç bir problemi qalmayacaqdı. Anama ev aldığım gün dünyanın ən xoşbəxt insanı idim. Uşaq vaxtı məşqdən evə qayıdanda 3-4 dəfə anam telefonla fərqli ünvan yazıb, "bura yeni evimizdir" mesajını göndərmişdi. Bir dönəm iki il ərzində tez-tez yer dəyişdirirdik. Çünki kirayə pulunu verə bilmirdik. Həmin vaxtlar bunu yaxşı başa düşmürdüm. Mənə görə hər şey yolunda görünürdü. Amma indi anamın nələrlə mübarizə apardığını yaxşı dərk edirəm.

Ən gözəli avtobusla stadiona tərəf getdiyimiz an idi
Bunu söyləmək üzücüdür, ancaq deyəcəm. Mətbuat bir ara mənim lüks həyat sevdiyimi yazırdı. Ləl-cəvahiratı, özümü göstərməyi sevdiyim deyilirdi. Xüsusən də, anama ev aldığım zaman yazılanlar inanılmaz idi. İnsanlar bilmədikləri şeylərdən də nifrət edirlər. Bunlar bir neçə il əvvəl olsaydı, məni narahat edərdi. Anama "niyə məni incidirlər" deyərdim. Lakin indi anam, bacım və uşaqlarım xoşbəxtdirlərsə, mən də xoşbəxtəm.

Əgər insanlar anamın evindəki hamam haqqında yazmaq istəsələr, onlara deməli olduğum həqiqətlər bunlardır: 15 il əvvəl Stonebricdə tualetləri təmizləyirdik, səhər yeməyimizi "yemək aparatı"ndan aldıqlarımızla edirdik. Xoşbəxt olmağa layiq biri varsa, o da anamdır. Bu ölkəyə heç nəyi olmadan gəldi, tualetləri təmizləyərək məktəbinin pulunu ödədi. İndi isə bir qocalar evinin direktorudur və oğlu da İngiltərə millisinin formasını geyinir.

Mənə sehrli gələn əsl şeyin nə olduğunu bilirsiniz? 17 yaşımda İngiltərə millisinə çağırıldım. "Uembli"də oynamaq imkanı qazandığım ilk oyun idi. Dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə qarşılaşırdıq. Ən gözəli avtobusla stadiona tərəf getdiyimiz an idi. Harrou küçəsindən keçəndə pəncərədən baxıb öz-özümə deyirdim: 
Bu evdə dostum yaşayırdı...
Bu avtoparkda konki sürürdük...
Bu küncdə qızlarla söhbət etməyə çalışırdıq...
Bu yaşıl sahədə baş verənlərin olacağına dair xəyallar qururdum...
Əgər siz də mənim kimi uşaqlıq keçirmisinizsə, bir çox insanın haqqınızda dediklərinə qulaq asmayın. Sadəcə, sevincinizi əlinizdən almaq, sizi aşağı çəkmək istəyirlər.
Son olaraq fikrimi bu cümlə ilə tamamlayım: İngiltərə heç nəyi olmayan yaramaz uşağın xəyallarını quracağı ölkədir.