AVRO-2020-nin seçmə mərhələsinin X turunun ilk günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, A, B və H qruplarında mübarizənin başa çatması bəzi yığmaların final mərhələsinin püşkatmasındakı səbətinin müəyyənləşməsi ilə nəticələnib.
Belə yığmalardan biri qonşu Türkiyə millisidir. Son turda Andorranı səfərdə 2:0 hesabı ilə məğlub edən Şenol Günəşin yetirmələri H qrupunda 2-ci yeri tutub.
“Ay-ulduzlular”ın göstəriciləri onlara püşkatma zamanı 3-cü səbətdə qərarlaşmasına səbəb olub. Türkiyə yığması qrup ikinciləri arasında 3-8-ci yerlərdən birini təmin edib.
İkincilərdən ən yaxşı ikisi 2-ci, ən pis ikisi 4-cü səbətə düşəcək.
Türkiyədən başqa daha 7 komandanın səbəti bəllidir. Bu yığmalardan üçünün qrupu da bilinir. Həmçinin Ukraynanın oyunlarından üçü Rusiyada keçiriləcək B qrupunda düşməyəcək.
Final mərhələsinə yüksələn digər 10 komandanın hansı səbətdə yer almasına isə son iki günün oyunları aydınlıq gətirəcək.
Səbəti dəqiqləşən yığmalar
1-ci səbət: Belçika, İngiltərə (D qrupu), Ukrayna, İtaliya (A qrupu)
2-ci səbət: Rusiya (B qrupu), Xorvatiya
3-cü səbət: Türkiyə, Avstriya
Qeyd edək ki, final mərhələsi 12 şəhərdə keçiriləcək AVRO-2020-nin püşkatması noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə baş tutacaq.