Türkiyəli futbolçu Ukraynada sığınacaqda gizlənir: “Çölə çıxanı vururlar”
28.02.2022 - 11:31
Türkiyəli futbolçu Ukraynada sığınacaqda gizlənir: “Çölə çıxanı vururlar”

Xarkov “Metallist”i ilə müqavilə imzalamaq üçün Ukraynaya gedən türkiyəli futbolçu Abdullah Doğan oradan ayrıla bilmir.

Apasport.az saytının məlumatına görə, Almaniyanın aşağı liqa təmsilçisi “TB Upusen” komandasında çıxış edən oyunçu Rusiya ilə müharibə içində olan Ukraynada həyati təhlükə yaşadığını açıqlayıb.

İlk günlərdə metro stansiyalarında həyatda qalmaq uğrunda mübarizə aparan 25 yaşlı yarımmüdafiəçi hazırda 18 mərtəbəli bir binadakı sığınacaqda gizlənərək, müharibənin bitməsini gözləyir: “50-60 nəfər bir yerdə qalırıq. Əsgərlər bizə dedi ki, həyatınızı qurtarmağa çalışın. Uşaqlar, yaşlılar – hamımız yerin altında gizlənmişik. Çölə çıxanı vururlar. Marketə belə, qorxa-qorxa gedirik”.

Qeyd edək ki, Abdullah Doğan Türkiyənin U-17 və U-18 yığmasında çıxış edib.