"Milli komandada ilk rəsmi oyunum Uelslə oyuna təsadüf edib. Təəssüf ki, debütüm yarımçıq, acı xatirələrlə tarixə düşdü".
Bunu apasport.az saytına Azərbaycan milli komandasının sabiq üzvü Nodar Məmmədov deyib.
Hazırda "Kəpəz"də çıxış edən müdafiəçi 2008-ci ilin sentyabrında DÇ-2010-un seçmə mərhələsi çərçivəsində Uelsdə baş tutan oyunda üzləşdiyi hadisəni belə xatırlayıb: "Bundan əvvəl bir neçə yoldaşlıq görüşündə forma geyinsəm də, məhz Uelslə oyunda rəsmi debütüm baş tutdu. Təəssüf ki, siftəm uğurlu alınmadı. Oyunun sonuna yaxın ağır xəsarət aldım və oyunu davam etdirə bilmədim. Nə baş verdiyini dəqiq deyə bilmərəm. Sonradan bildim ki, qıcolma (sudurğa) səbəbindən dilim də qatlanıb. Deyəsən, rəqibin künc zərbəsindən sonra mübarizə zamanı xəsarət aldım. Yadımda qalan kürəyimə diz zərbəsinin dəyməsi oldu. Vəssalam... Bir də ayıldım ki, həkimlər başımın üstündədir".
Məmmədov həmin Uelslə indikini də müqayisə edib: "Açığı, indiki Uels daha güclüdür. Həyətlərində adlı-sanlı, ulduz futbolçular yer alır. O vaxt isə Uels millisi yenilənmə prosesindən keçirdi. Düzdür, on il ötür, ancaq Uels son iki-üç ildir həmin yenilənməsinə bəhrəsini görür".
31 yaşlı müdafiəçi yığmamızın rəqibi nəyin hesabına üstələyə biləcəyi barədə də fikirlərini bölüşüb: "İndi müasir futbolda məğlubedilməz millilər yoxdur, çünki bütün komandalar müdafiə oluna bilir. Hesab edirəm ki, yenə əsas ağırlıq müdafiənin üzərinə düşəcək. Millimiz səbirli və düzgün müdafiə oluna bilsə, xal və xallar qazana bilərik. Mən yaxşı nəticəyə inanıram".
Qeyd edək ki, Azərbaycan – Uels matçı sabah “Bakcell Arena”da baş tutacaq.