Xavinin arzusu
14.04.2022 - 12:17
Xavinin arzusu

“Barselona” Avropa Liqasının qalibi olmaq üçün mübarizə aparacaq.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun baş məşqçisi Xavi açıqlayıb.

Düzdür, Avropa Liqası nüfuzuna görə qitənin ikinci dərəcəli yarışı sayılır. Çempionlar Liqasını dəfələrlə qazanan “Barselona”nın daha aşağı səviyyəli yarışa barmaqarası yanaşa biləcəyi ehtimal olunsa da, Xavi əks fikirdədir.

Gənc mütəxəssis bu titulu qazanmağa kökləndiklərini gizlətməyib: “Biz Avropa Liqasının qalibi olmaq istəyirik. Bu, bizdə olmayan yeganə mükafatdır”.

Qeyd edək ki, “Barselona” indiyədək Avropa səhnəsində 17 kubok qazanıb. 5 dəfə Çempionlar Liqasını, 5 dəfə Superkuboku əldə edən ispaniyalılar artıq keçirilməyən turnirlərdə Kuboklar kubokunda 4 dəfə, Yarmarkalar kubokunda 3 dəfə uğura sevinib. “Barselona” yalnız Avropa Liqası (əvvəlki UEFA kuboku), həmçinin ilk dəfə bu mövsüm keçirilən və kataloniyalıların debüt etmədiyi Konfrans Liqasında qalib olmayıb.