Xorvatiyalı futbolçun varsa... – ənənə davam edəcəkmi?
08.05.2021 - 10:21
Xorvatiyalı futbolçun varsa... – ənənə davam edəcəkmi?

2013-cü ildən hər il ən azı bir xorvatiyalı futbolçu Çempionlar Liqasını qazanan komandanın heyətində yer alıb.

Apasport.az saytının məlumatına görə, ənənə bu il də davam edə bilər.

Bunun üçün isə “Çelsi” mayın 29-dakı həlledici qarşılaşmada “Mançester Siti”ni məğlub etməlidir. Çünki final həyəcanı yaşayacaq yeganə xorvatiyalı Mateo Kovaçiç olacaq. Eyni zamanda londonlular qalib gələrsə, Kovaçiç 4-cü dəfə Çempionlar Liqasının qalibi olacaq.

Mario Mandzukiç (2013)
2013-cü ildəki həlledici qarşılaşmada Almaniya klubları “Bavariya” ilə Dortmund “Borussiya”sı üz-üzə gəldi. “Bavariya”nın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə Mandzukiç də 1 qolla çempionluğa töhfə verdi.

Luka Modriç (2014)
Növbəti mövsüm Madrid finalı baş tutdu. Serxio Ramosun son dəqiqə qolu sayəsində məğlubiyyətdən qurtulan “Real” əlavə vaxtda daha 3 dəfə fərqlənərək “Atletiko”nu 4:1 hesabı ilə üstələdi.

İvan Rakitiç (2015)
“Barselona”nın finaldakı rəqibi “Yuventus” oldu. Rakitiçin də fərqləndiyi matçda kataloniyalılar 3:1 hesablı qələbəyə sevindi.

Luka Modriç & Mateo Kovaçiç (2016)
İki il əvvəl olduğu kimi, yenə azarkeşlər Madrid finalına şahidlik etdilər. Bu dəfə qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyuldu. Son zərbələrdə daha dəqiq olan “Real” (5:3) kuboku muzeyinə apardı.

Luka Modriç & Mateo Kovaçiç (2017)
“Real”ın budəfəki rəqibi “Yuventus” oldu. 4:1 hesabı ilə qalib gələn “kral klubu” növbəti dəfə kuboku qazandı. “Yuventus”un hücumçusu Mario Mandzukiç “qoca sinyora”nın təsəlli topunun müəllifi olsa da, onun millidəki komanda yoldaşları Modriç və Kovaçiç qələbə sevinci yaşadılar.

Luka Modriç & Mateo Kovaçiç (2018)
Xorvatiyalı cütlüyün komandası ardıcıl 3-cü dəfə turnirdə qalib gəldi. Madridlilərin budəfəki qurbanı “Liverpul” oldu – 3:1.

Deyan Lovren (2019)
Ardıcıl ikinci dəfə finala yüksələn “Liverpul” bu dəfə şansı əldən vermədi. “Qırmızılar” “Tottenhem”ə 2:0 hesabı ilə qalib gəlincə, xorvatiyalı müdafiəçi Deyan Lovren də kuboku başı üzərinə qaldırdı.

İvan Perişiç (2020)
Ötənilki finalda “Bavariya” ilə PSJ üz-üzə gəldi. 1:0 hesablı qələbə qazanan “Bavariya” kubokun sahibi oldu. Mandzukiçdən sonra Perişiç bu forma altında titula yiyələndi.