Xəstə doğulan "Mançester Yunayted" əfsanəsi - "Ulduzlar"
17.12.2019 - 10:00
Xəstə doğulan "Mançester Yunayted" əfsanəsi - "Ulduzlar"

"Ulduzlar" rubrikası bu dəfə "Mançester Yunayted" formasını 19 il geyinən, qızıl saçları ilə diqqət çəkən, "92 Klass"ın "poker"i Pol Skoulza həsr olunub.

O Skoulz ki, "Mançester Yunayted"in qızıl dövrünün əvəzedilməz siması olub, 1993-2013-cü illərdə "qırmızı şeytanlar"ın uğurları üçün tər töküb, 700-dən çox oyunda iştirak edib. Həmçinin 1997-2004-cü illərdə İngiltərə millisinin aparıcı siması olub.

Autizm riskli, görmə problemli, astma xəstəsi...
Tarix 16 noyabr 1974-cü ili göstərirdi. Marina və Styuart cütlüyü yenicə dünyaya göz açan oğlan övladını qucağına alanda baş verəcəklərdən xəbərsiz idilər. Ta ki həkim yanlarına gəlib acı həqiqəti deyənə qədər. Bəli, kiçik qızıl uşaq autizm riski daşıyırdı, görmə problemləri var idi və anadangəlmə astma xəstəsi idi. Skoulz cütlüyü körpə uşağın gələcəkdə Mançester şəhərinin tarixini dəyişdirəcəyindən xəbərsiz halda üzüntü içində idi.

Balaca Polun müalicələri uğurlu gedir, autizm riski get-gedə azalırdı. Ancaq təəssüf ki, görmə bulanıqlığı və astma ondan əl çəkmirdi. Xəstəxana qapılarında qalan ailə övladını bir gün baxçaya yazdırmaq qərarına gəldi. Orada tanış olduğu bir müəllim isə Polun həyatını dəyişdirdi. Brayan Şeringem balaca Polda idmana maraq yaratmağa çalışdı. Beyzbol, reqbi, kriket... Baxçadakı il yarımını yalnız idman edərək keçirən gələcəyin əfsanəsi valideynləri ilə müayinəyə gedəndə astma xəstəliyinin tamam keçdiyini öyrəndi. Bu, Skoulz ailəsi üçün bayram hədiyyəsi idi.

Debüt qolu üçün 11 dəqiqə bəs etdi
Öz məhəlləsindəki ibtidai məktəbə gedəndə də hər gün kriket oynamaqdan vaz keçmirdi. Verdiyi uzun ötürmələr bu idman növündən ona qalan xəzinə oldu. Xəstə kimi başladığı həyatına idmançı olaraq davam edən Pol məktəbin futbol komandasında da çıxış edirdi. Kriketi daha çox sevməsinə baxmayaraq, bir gün rədd edə bilməyəcəyi təklif aldı. "Mançester Yunayted"in aşağı yaş qrupunda baxışa çağırılan Skoulz orada möhkəmlənməyi bacardı. Diqqət çəkən tək şey qızılı saçları deyildi. Yaşıl meydanda kiçik ayaqları ilə verdiyi uzun ötürmələr məşqçilərin gözünü qamaşdırırdı. Qızıl oğlanın futbol həyatı beləcə start götürdü.
1994-95 mövsümündə Premyer Liqanın 7-ci turunda "İpsviç"lə səfər matçında həmin vaxt hələ ser ünvanını almayan Aleks Ferqyuson 62-ci dəqiqədə gələcəyin ulduzunu meydana buraxdı. Bu, Polun peşəkar futbolçu kimi meydandakı ilk addımı oldu. Cəmi 11 dəqiqə sonra karyerasındakı ilk qolunu vurdu. 19 yaşlı Skoulz az oyun vaxtı əldə etməsinə baxmayaraq, ilk mövsümünü 5 qol, 2 assistlə tamamladı.

Həyatını alt-üst edən xəbər...
Karyerasındakı ikinci ilində çempionluq sevinci yaşadı, əynindəki formanı 19 il layiqincə geyindi. Karyerası ərzində heç vaxt sıradan qol vurmadı. Rəqib müdafiəçilərin uzaqlaşdırmaq istədiyi toplar onun üçün hər zaman qol şansı oldu. Cərimə meydanı həndəvərində önünə gələn topları qapıdan keçirməkdə mahir idi. Bekhem, Giqqz və Ronaldonun tamamlayıcısı oldu.

Skoulz həyatının ən pis xəbərini 2006-cı ildə öyrəndi. Kiçik yaşlarında mübarizə apardığı autizm xəstəliyi oğlu Aiden Skoulzda aşkarlandı. Pol Skoulz buna o qədər çox üzüldü ki, fikirdən görmə problemi onda yenidən baş qaldırdı. Həmin mövsüm düz 101 gün yaşıl meydanlardan uzaq qaldı.

Mağazadan aldığı butsla "Mançester Siti" önünə çıxdı
"Qırmızı şeytanlar"la nələri bacarmadı ki: Premyer Liqa çempionluqları, Çempionlar Liqası titulları, rekordlar, qollar, assistlər... Bunları yazmaqla bitirmək olmaz. Klubların bayraqdarları haqda hər zaman romantik şəkildə danışılır. Amma Skoulz heç vaxt onlardan olmadı. Halbuki Mançesterdə dünyaya gəldi, bu şəhərdə futbola başladı və burada da karyerasını bitirdi. Skoulz elə futbolçu idi ki, 2011-ci ildə karyerasını bitirdiyini açıqladı, amma 6 ay sonra görünməmiş olay yaşandı. Aleks Ferqyuson ona "ser" ünvanını qazandıranlardan olan Polu yaşıl meydanlara qaytardı. Təqaüdə çıxdığı üçün hər şeyini xeyriyyə fondlarına bağışlayan Skoulz şotlandiyalı mütəxəssisin xahişindən sonra geri qayıdarkən butsunun olmadığını bildirdi. "Mançester Siti" ilə Federasiya Kuboku matçı öncəsi bir mağazaya gedib buts alan yarımmüdafiəçi yaşıl meydanlara onunla döndü. Bu, elə-belə dönüş olmadı. Ferqyusonun meydandakı köməkçisi olan və çempionluqda böyük rol oynayan Pol qolla başladığı karyerasını qolla da bitirdi.

Ekranda az, amma saz görünən...
Xəstəliklərlə boğuşan həmin körpə karyerasını bitirdikdən 6 ay sonra yaşıl meydanlara qaytarılan əfsanəyə çevrildi. Oyun ərzində Skoulzu çox az ekranda görməyimiz onun Zidan, Bekhem, Xavi qədər məşhurlaşmasına mane oldu. Çünki o, topla uzun reyd etmək, ona dəfələrlə toxunmaq əvəzinə, ən sürətli şəkildə topu ayağından çıxarıb ön xətdəki komanda yoldaşlarına şərait yaradır və ekrandan çəkilirdi.

"92 Klass"la birlikdə bir komanda alıb. İngiltərənin 2-ci liqa təmsilçisi "Salfrod Siti"nin sahibləri Pol Skoulz, Devid Bekhem, Rayan Giqqz, Qari Nevill və Fil Nevilldir. Məşqçilik karyerası uğursuz alınan Skoulz İngiltərədə televiziya kanallarının birində şərhçi kimi də fəaliyyət göstərir.

Haqqında deyilənlər...
"O, "Mançester Yunayted" tarixinin ən yaxşı, əvəzedilməz oyunçusu idi" - Rayan Giqqz.
"O, nəslinin ən yaxşı yarımmüdafiəçisi idi" - Pep Qvardiola.
"Ən böyük peşmanlığım Polla eyni orta sahəni bölüşməməyimdir" - Zinəddin Zidan.
"İzlədiyim qüsursuz yeganə futbolçu" - Xavi Ernandes.
"Old Trafford"dakı qızıl saçlını çox sevirəm" - Sokrates.