Yayın uğurlu transferləri: 5-i "Keşlə"dən
20.12.2019 - 09:56
Yayın uğurlu transferləri: 5-i "Keşlə"dən

Premyer Liqa klublarının mövsümlərarası fasilədə heyətə qatdıqları futbolçular müxtəlif formada oyunla diqqət çəkiblər.

Apasport.az saytının məlumatına görə, 6 ay əvvəl həyata keçirilən transferlər arasında komandasına xeyir verənlər də olub.

8 klubun ümumilikdə 20 yeni oyunçusu məşqçilər korpusunun ümidlərini doğrulda bilib. Bu baxımdan müdafiəçilər çoxluq təşkil edir. Təsadüfi deyil ki, arxa xətt oyunçularından 7-si digərlərindən fərqlənib. Onlardan 6-nın mərkəz müdafiəçisi olması diqqətçəkən məqamdır. Bu üzdən uğurlu start "11-liy"ində 5 müdafiəçiyə yer vermişik ki, onların hamısı məhz mərkəzdə çıxış edənlərdir.

Müdafiəçilərinin etibarlı oyunu sayəsində uğurlu mövsüm keçirən "Keşlə"nin iki əcnəbisi Azərbaycandakı ilk ilindəcə rəğbət qazanmağı bacarıb. "Sabah"da ümumi komandadan fərqli, Bəhlul Mustafazadə etibarlı oyunu ilə diqqət çəkib. İlk 3 turda 9 top buraxan "Qəbələ" növbəti 11 görüşdə qapısında cəmi 15 qol gördüyü üçün 4-cü turdan etibarən komandanın formasını geyinən İvitsa Juniçə minnətdar olmalıdır. "Neftçi"nin yayda "Qəbələ"dən aldığı Vojislav Stankoviç də stabil oyunu ilə seçilənlərdəndir.

Bütün bunları nəzərə alsaq, simvolik komandada "Qarabağ"ın qapıçısı Asmir Beqoviçin önünə 5 mərkəz müdafiəçisi qoymağımız zərurətdəndir.

5-4-1 sistemində iki dayaq yarımmüdafiəçisinə yer vermişik. Elvin Camalov "Zirə"də, Vüqar Mustafayev isə "Sumqayıt"da dağıdıcı funksiyasını məharətlə yerinə yetiriblər. "Qəbələ"nin yarımmüdafiəçisi Fernan Lopes də oyunu ilə rəmzi "11-liy"ə düşməyi haqq edirdi. Yarımmüdafiəçilər arasında Nicat Süleymanovun yeri ayrıdır. Sol cinahdan gah müdafiəçi, gah da vinger kimi çıxış edən 21 yaşlı futbolçunun 4 qol vurması komandasına verdiyi xeyri ortaya qoyur.

Bombardirin 6 qol vurduğu ilk yarıda hücumçulardan 3-nün məhsuldarlığı daha çoxdur. Stiven Jozef-Monroz bombardirlər yarışında liderliyə şərik olsa da, "Neftçi" hələ də ondan tam gözləniləni ala bilmir. Eləcə də, 5 qolun müəllifi olan Mehdi Şərifi "Sumqayıt"da son vaxtlar əsas heyətdəki yerini itirib. Ancaq "Keşlə"nin forvardı Lorenzo Frutosdan heç kim belə performans gözləmirdi. 13 matçda 6 dəfə rəqib qapıçılarını məyus edən paraqvaylı hücumçular arasında xüsusi seçilirdi.

Qapıçılar:
Asmir Beqoviç ("Qarabağ"): 10 oyun, 900 dəqiqə, -5 qol, 1 sarı vərəqə
Stanislav Namaşko ("Keşlə"): 14 oyun, 1260 dəqiqə, -12 qol, 2 sarı vərəqə

Müdafiəçilər:
Bəhlul Mustafazadə ("Sabah"): 13 oyun, 1159 dəqiqə, 2 sarı, 1 qırmızı vərəqə
Franko Flores ("Keşlə"): 13 oyun, 1170 dəqiqə, 1 qol, 4 sarı vərəqə
Miyuşko Boyoviç ("Keşlə"): 13 oyun, 1105 dəqiqə, 1 qol, 1 sarı vərəqə
Vojislav Stankoviç ("Neftçi"): 12 oyun, 1055 dəqiqə, 3 sarı vərəqə
İvitsa Juniç ("Qəbələ"): 11 oyun, 990 dəqiqə, 3 sarı vərəqə
Turan Manafov ("Səbail"): 14 oyun, 1119 dəqiqə, 1 sarı vərəqə
Alvaro Ampuero ("Zirə"): 12 oyun, 1051 dəqiqə, 2 sarı vərəqə

Yarımmüdafiəçilər:
Nicat Süleymanov ("Zirə"): 9 oyun, 691 dəqiqə, 4 qol, 1 sarı vərəqə
Vüqar Mustafayev ("Sumqayıt"): 13 oyun, 1166 dəqiqə, 4 sarı vərəqə
Elvin Camalov ("Zirə"): 13 oyun, 1169 dəqiqə, 3 sarı vərəqə
Fernan Lopes ("Qəbələ"): 13 oyun, 1060 dəqiqə, 2 qol, 7 sarı vərəqə
Merab Qiqauri ("Qəbələ"): 13 oyun, 1139 dəqiqə, 6 sarı vərəqə
Sezar Meza Kolli ("Keşlə"): 10 oyun, 847 dəqiqə, 2 qol, 4 sarı vərəqə, 2 qırmızı vərəqə
Ülvi İskəndərov ("Qəbələ"): 13 oyun, 570 dəqiqə, 2 qol, 2 sarı vərəqə

Hücumçular:
Amadu Diallo ("Sabah"): 13 oyun, 1057 dəqiqə, 3 qol, 1 sarı vərəqə
Stiven Jozef-Monroz ("Neftçi"): 13 oyun, 1084 dəqiqə, 6 qol, 1 sarı vərəqə
Lorenzo Frutos ("Keşlə"): 13 oyun, 1105 dəqiqə, 6 qol
Mehdi Şərifi ("Sumqayıt"): 11 oyun, 811 dəqiqə, 5 qol, 4 sarı, 1 qırmızı vərəqə