Yığmamızın baş məşqçisi “Qarabağ” – “Zirə” finalı gözləyir - MÜSAHİBƏ
28.04.2021 - 13:05
Yığmamızın baş məşqçisi “Qarabağ” – “Zirə” finalı gözləyir - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyevin apasport.az saytına müsahibəsi

- Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçiriləcək. “Zirə” səfərdə 2:1 hesabı ilə qalib gəldiyi “Keşlə”ni qəbul edəcək. Bu matçda sürpriz gözləmirsiz?
- “Zirə”nin ilk görüşdə rəqib meydanında qələbə qazanması böyük üstünlükdür. Baxmayaraq ki, komandanın baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında duelin ikinci hissəsinin irəlidə olduğunu deyib. Fikrimcə, “Keşlə”nin mərhələ keçməsi real görünmür. Düzdür, futbolda hər şey olur, amma “Zirə” daha şanslıdır. Çünki “Keşlə” səfərdə ən azı 2 qol vurmalıdır.

- “Zirə” çempionatda bürünc medala iddia edirsə, avrokuboklara vəsiqə üçün kuboku qazanmaq “Keşlə” üçün son şansdır. Bunun bir rolu ola bilərmi?
- Biri var istəmək, biri də var bacarmaq. Əlbəttə, Sənan Qurbanov vəziyyətdən çıxmaq üçün finala yüksəlmək istəyir. Rəşad Sadıqov da məşqçi kimi debüt ilində nəsə qazanmağa çalışır. Maraqlı oyun olacaq. Ancaq “Zirə”nin ilk görüşdə qazandığı üstünlüyü əldən buraxacağına inanmıram. Həm də nəzərə alaq ki, “Zirə” bu mövsüm Premyer Liqada ən az qol buraxan komandalardan biridir. “Neftçi”yə 0:4 hesabı ilə uduzmalarına baxmayaraq, etibarlı müdafiələri var.

- “Qarabağ” isə səfərdə qolsuz bərabərə qaldığı “Sumqayıt”la doğma arenasında qarşılaşacaq. Bu cütlükdə favorit kimi görürsüz?
- Evdə oynayacağı üçün “Qarabağ” favoritdir. Üstəlik, səfərdə də heç-heçə edib. Bu komanda hər iki cəbhədə mübarizə aparır, Premyer Liqada da “Neftçi” ilə çempionluq uğrunda yarışır. İnanmıram ki, “Qarabağ” çempionatı düşünərək gücünü qorusun. “Sumqayıt” da sürpriz komandadır. Onlardan hər an hər şey gözləmək olar. Səfər görüşündə bir qol vursalar, artıq üstünlük onların tərəfində olacaq.

- “Qarabağ”ın heyəti olduqca kasaddır. Bu vəziyyətdə hər iki cəbhədə sona qədər getmək bu komandaya çətin olmaz?
- Mahir Emreli, Patrik Andrade, Xayme Romero kimi futbolçular artıq sıraya qayıdıb. Mövsümün sonuna elə çox oyun qalmayıb. Məncə, “Qarabağ”ın bu heyəti bəs edər. Bundan sonra kimsə zədə almasa, hazırkı heyətlə də həm kubokda, həm də çempionatda yollarına davam edə bilərlər. Nəzərə alaq ki, Premyer Liqada 4, kubokda isə uzağı 2 matç qalır.

- Fikirlərinizdən belə çıxır ki, “Qarabağ” – “Zirə” finalını gözləyirsiz?
- Hər şey buna doğru gedir. İlk oyunların nəticələri və bu komandaların cavab matçını evdə keçirmələri “Qarabağ”la “Zirə”yə üstünlük verir.

- Premyer Liqada “Qarabağ”la “Neftçi” arasında rəqabət son tura qalarmı?
- Bu barədə proqnoz vermək çox çətindir. Əvvəlki mövsümlərdə də maraqlı mübarizələr izləyirdik. Amma bu mövsüm daha gərgin keçir. Çempionat artıq elə bir həddədir ki, istənilən komanda liderləri büdrədə bilər. İstənilən nəticə gözlənilməz sayılmaz. “Qarabağ”ın heyətində zədəlilər çox oldu və “Neftçi”nin əlinə şans düşmüşdü. Bakı təmsilçisi bu imkanı əldən vermək istəmir, “Qarabağ”ın hegemonluğuna son qoymağa çalışır. Roman Qriqorçukun vaxtında “Qəbələ”, Roberto Bordinin dönəmində isə “Neftçi” turnir cədvəlində “Qarabağ”dan öndə olub. Ancaq Qurban Qurbanovun komandası hər dəfə geridən gəlib çempion olub. Artıq çox az vaxt qaldığı üçün biz də bu rəqabəti maraqla izləyirik.

- Çempionluq yarışında hansı komandanı üstün sayırsız?
- Proqnoz vermək istəmirəm, amma “Qarabağ”ın bir balaca öndə olduğunu fikirləşirəm. Sırf təcrübəni nəzərə alıb belə deyirəm. Çünki belə anlarda təcrübə mühüm rol oynayır.

Ruslan Sadıqov